Heydər Əliyev Beynəlxalq Aeroportunun əsas məqsədlərindən biri sərnişinlərə yüksək səviyyəli xidmət göstərmək və onların rahatlığını təmin etməkdir. Bir çox ölkələrdə olduğu kimi, hava limanı da ölkəyə daxil olan qonaqlarda ilk təəssürat yaradan əsas məkandır.

"Unikal" xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun yaydığı məlumatda deyilir.

"Lakin bəzən qonaqlar hava limanında rəsmi taksi operatorlarının təqdim etdiyi müxtəlif kateqoriyalara uyğun seçim imkanları ilə yanaşı, heç bir icazəsi olmayan, müvafiq təlim keçməyən və nəqliyyat vasitələri tələb olunan standartlara cavab verməyən şəxslərin israrlı şəkildə taksi xidməti təklif etməsi ilə qarşılaşırlar. Bu isə bəzi hallarda sərnişinlərin aldadılması və narazılıqları ilə nəticələnir.

Təəssüf ki, hələ də oxşar hallarla rastlaşırıq.

Hava limanı ərazisində nizamsız və vahid sistemə uyğunlaşdırılmamış taksi fəaliyyətinin davam etməsi həm işgüzar nüfuzumuza mənfi təsir göstərir, həm də sərnişinlərin təhlükəsizliyi üçün ciddi risklər yaradır. Bu kimi xoşagəlməz halların qarşısını almaq məqsədilə hava limanında fəaliyyət göstərən taksi operatorlarının vahid, keyfiyyətli və tənzimlənmiş xidmət standartlarına uyğun xidmət təqdim etməsi zəruridir.

Bu tələblər şəxsi nəqliyyat vasitələri ilə hava limanına edilən səfərlərə şamil edilmir.

Bütün rəsmi taksi operatorlarını xidmət keyfiyyətini artırmağa və sərnişin məmnuniyyətini təmin etməyə çağırırıq", - məlumatda deyilir.

*** 09:04

Heydər Əliyev Beynəlxalq Hava Limanından şəhər istiqamətində taksi sifarişlərinə məhdudiyyətin qoyulduğu iddia olunur.

"Unikal" xəbər verir ki, bu barədə iddia sosial şəbəkələrdə yayılıb.

Xəbərdarlığın “Uber”, “Bolt” və tətbiqlə sifariş qəbul edən digər sürücülərə göndərildiyi bildirilir. Qeyd edilib ki, bu gündən hava limanı istiqamətinə taksi sifarişi mümkün olsa da, hava limanından şəhər istiqamətinə qəbul edilməyəcək. Məlumatda o da əlavə edilib ki, şirkət tərəfindən də sifarişlər olmayacaq. 

“Xəzərxəbər” sorğu apardığı zaman bəzi taksi sürücüləri bildirib ki, bu xəbəri eşidəndən hava limanından sifariş götürmürlər. Onlar hesab edirlər ki, belə qərarın qəbuluna səbəb hava limanındakı “London taksi”lərinə üstünlüyün verilməsi ola bilər.

Bəzi taksi sürücüləri isə bildirdilər ki, hava limanından sifarişlərə məhdudiyyətlə bağlı onlara məlumat verilməyib.

Məsələ ilə bağlı “Bolt” və “Uber” daşıyıcı şirkətləri ilə əlaqə saxlanılıb.

“Bolt”dan bildirilib ki, həftə ərzində rəsmi məlumatlarını ictimaiyyətə təqdim edəcəklər.

“Uber”dən isə hələlik bu məsələ ilə bağlı şərh verə bilməyəcəkləri açıqlanıb.

Məsələ ilə bağlı Heydər Əliyev Beynəlxalq Hava Limanından isə bildirilib ki, hazırda aeroportda sərnişinlərin rahatlığını və xidmət səviyyəsini daha da yüksəltmək məqsədilə taksi xidmətlərinin təkmilləşdirilməsi istiqamətində işlər aparılır. Taksilərin hava limanı ərazisinə giriş və çıxışına hər hansı məhdudiyyət tətbiq olunmur: “Görüləcək işlərlə bağlı yeniliklər baş verdikcə ictimaiyyət rəsmi şəkildə məlumatlandırılacaq”.