Bu gün Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2024–2025-ci tədris ilində qəbul imtahanlarında yüksək nəticə əldə etmiş məzunlarla görüş keçirilib. 

"Unikal" xəbər verir ki, tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, məktəb direktorları, müəllimlər, valideynlər və qəbul imtahanlarında yüksək nəticə əldə etmiş məzunlar iştirak ediblər.

Tədbir Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başlayıb. Daha sonra Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Zülfiyyə Məmmədhüseynova 2024–2025-ci tədris ilinin yekunlarına dair geniş təqdimatla çıxış etmiş, rayon üzrə ümumi təhsil müəssisələrinin nəticələri haqqında məlumat verib. 

Qeyd olunub ki, hesabat dövründə rayon üzrə 222 nəfər məzun olmuş, onlardan 161 nəfər Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan qəbul imtahanlarında iştirak etmiş, 103 nəfər ali təhsil müəssisələrinə qəbul olunaraq tələbə adını qazanıb. Məktəbi bitirənlərin sayına nisbətdə sənəd verənlərin faizi 72,5 %, sənəd verənlərin sayına nisbətən qəbul faizi isə 64 % olub. Ötən illə müqayisədə qəbul faizi 2,8 % azalsa da, qəbul olunanların ümumi sayında artım müşahidə olunub – 2023–2024-cü tədris ili ilə müqayisədə bu il 26 nəfər çox şagird ali təhsil müəssisələrinə qəbul olunub. Təqdimatda həmçinin qeyd edilib ki, 243 nömrəli tam orta məktəbdə ilk dəfə olaraq peşə təmayüllü siniflər fəaliyyətə başlayacaq. İki ixtisas – “Dərzi köməkçisi” və “Help Desk İKT” istiqamətləri üzrə ümumilikdə 16 şagirdin təhsil alacağı bildirilib. Tədbirin davamında ali məktəblərə yüksək balla qəbul olmuş məzunlar – Cəfərova Xatirə Mais qızı, Carçallı Şəms Faiq qızı və Bağırova Aysel İmran qızı çıxış edərək əldə etdikləri uğurun arxasında ailələrinin, müəllimlərinin və məktəblərinin böyük dəstəyi olduğunu qeyd ediblər. Bildirilib ki, bu uğurlar təkcə fərdi nailiyyətlər deyil, bütövlükdə cəmiyyətin təhsilə verdiyi dəyərin və göstərilən qayğının nəticəsidir. Daha sonra çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov ali məktəblərə qəbul olunmuş şagirdləri və onların valideynlərini təbrik etmiş, ölkəmizdə təhsilin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulamışdır. Qeyd olunmuşdur ki, Azərbaycan təhsil sistemi müasir tələblərə cavab verəcək şəkildə daim yenilənir, ali təhsil müəssisələrimizin beynəlxalq reytinqlərdə mövqeyi ildən-ilə yüksəlir. Yekun olaraq Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov tədbirdə çıxış edərək ali təhsil müəssisələrinə qəbul olunmuş məzunları və onların valideynlərini təbrik etmiş, onlara gələcək təhsil və həyat yollarında uğurlar arzulamışdır. Çıxışında RİH başçısı vurğulamışdır ki, bu gün ölkəmizin gələcəyini formalaşdıracaq gənclərlə bir araya gəlmək və onların sevincini bölüşmək hər birimiz üçün həm qürurverici, həm də məsuliyyətli bir hadisədir. Qeyd olunmuşdur ki, Azərbaycan dövləti tərəfindən təhsilin inkişafına, gənclərin hərtərəfli bilik və bacarıqlara yiyələnməsinə, onların intellektual və mənəvi inkişafına xüsusi önəm verilir. Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü dövlət siyasətinin nəticəsi olaraq, ölkəmizdə gənclərin elmi biliklərə, milli-mənəvi dəyərlərə əsaslanan vətənpərvər ruhda yetişdirilməsi prioritet istiqamətlərdən biri kimi müəyyən olunmuşdur.

Sevindirici haldır ki, Pirallahı rayonunun gəncləri də bu siyasətin fəal iştirakçıları kimi yüksək nəticələrə imza atır, qazandıqları uğurlarla həm rayonun, həm də ölkənin sosial-iqtisadi və intellektual inkişafına öz töhfələrini verirlər. RİH başçısı çıxışının sonunda qeyd etmişdir ki, əldə olunan nəticələr mühüm bir uğur olsa da, bu, yalnız yolun başlanğıcıdır. Qarşıda məzunlarımızı daha məsuliyyətli, daha çətin, eyni zamanda şərəfli bir inkişaf mərhələsi gözləyir. Bu mərhələdə biliklərə ardıcıl yiyələnmək, peşəkar formalaşma və vətənə layiqli vətəndaş olmaq başlıca vəzifələrdəndir. Tədbirin sonunda qəbul imtahanlarında yüksək nəticə göstərmiş bir qrup məzun, eləcə də rayonun ictimai-mədəni həyatında və təhsil sahəsində fərqlənmiş müəllimlər Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr və Fəxri Fərmanlarla təltif olunmuşdur. Tədbir xatirə şəklinin çəkdirilməsi ilə sona çatmışdır.