“Azərişıq” ASC-nin 10 illiyinə həsr olunmuş “Paylayıcı şəbəkələrin energetikləri arasında keçirilən ümumrespublika Peşə Ustalığı Yarışları”nın 5-ci regional turu Gəncədə təşkil edilib.

110/35/10 kV-luq "Yeni Gəncə" yarımstansiyasında reallaşan açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra "Azərişıq" ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə çıxış edərək komandalara uğurlar arzulayıb. Bildirib ki, bu yarışların keçirilməsində məqsəd mütəxəssislərin peşə bilik və bacarıqlarını daha da inkişaf etdirməkdir. Eləcə də energetiklər Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın elektroenergetika sisteminin qurulmasında və inkişafında xidmətləri, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə son 10 ildə ölkəmizin enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində aparılan islahatlar, həmçinin “Azərişıq” ASC tərəfindən son 5 ildə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən irimiqyaslı layihələr barədə geniş məlumatlar əldə edirlər.  

Rəsmi hissədən sonra birinci mərhələyə start verilib. İntellektual hissədə Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) üzrə 9 komanda – “Ağstafa Elektrik Şəbəkəsi (EŞ)”, “Daşkəsən EŞ”, “Gədəbəy EŞ”, “Gəncə EŞ”, “Göygöl EŞ”, “Qazax EŞ”, “Samux EŞ”, “Şəmkir EŞ”, “Tovuz EŞ” nəzəri biliklərini sınayıblar. Onlar 1 saat müddətində 55 suala cavab tapmağa çalışıblar.

Yarışların ikinci mərhələsində energetiklər 3 tapşırıq üzrə peşə bacarıqlarını əyani şəkildə nümayiş etdiriblər.

Hər iki mərhələnin nəticələrinə əsasən Qərb RETSİ üzrə keçirilən regional turun qalibi "Tovuz EŞ" olub. Beləliklə, komanda ümumrespublika Peşə Ustalığı Yarışlarının Hadrutda təşkil olunacaq final turunda iştirak edəcək.

Qeyd edək ki, "Azərişıq" ASC ölkənin bütün regionlarında maarifləndirici tədbirlər, yarışlar həyata keçirir. Səhmdar Cəmiyyətin əməkdaşlarının peşə bilik və bacarıqlarının artırılması, təhlükəsizlik qaydalarına əməl olunması və insan həyatının mühafizəsi məqsədilə belə tədbirlər gələcəkdə də davam etdiriləcək.