"Qarabağ" bu gün Avropanın ən güclü komandalarından biri ilə qarşılaşacaq. Çox çətin oyun olacaq".
"Unikal" xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında vaxtı ilə "Qarabağ"da çıxış etmiş şimali makedoniyalı futbolçu Muarem Muarem sabiq komandasının UEFA Avropa Liqasının 1/8 finalın mərhələsində Almaniya "Bayer"inə qarşı keçirəcəyi oyunlarla bağlı danışarkən deyib.
Müxtəlif illərdə iki dəfə Ağdam təmsilçisinin formasını geyinmiş veteran yarımmüdafiəçi bu oyunun "Bayer" üçün asan olmayacağını bildirib: "Komandalar artıq bu mövsüm Avropa Liqasının qrup mərhələsində bir-birlərinə rəqib olublar. Hər kəs "Qarabağ"ın doğma meydanda necə oynadığını çox yaxşı bilir. Bütün güclü komandalar bir gün məğlub olur. Düşünürəm ki, "Bayer"in məğlubiyyətsizlik seriyası Bakıda sona çatacaq".
O, Avropa Liqasının pley-off mərhələsində "Braqa"nı mübarizədən kənarlaşdıran Qurban Qurbanovun kollektivinin layiqli qələbə qazandığını da söyləyib: "Braqa" ilə hər iki oyuna baxdım. Bakıdakı matçın çətin keçəcəyini gözləyirdim ki, belə də oldu. Sabiq komandamın növbəti mərhələyə vəsiqə qazanmasına görə çox sevindim".
2014-cü ildə Avropa Liqasının pley-off mərhələsində Niderlandın "Tvente" komandası ilə 1:1 bitən matçda yeganə qolun müəllifi olaraq Ağdam təmsilçisinin ilk dəfə qrup mərhələsinə vəsiqə qazanmasında pay sahibi olan M. Muarem həmin görüşü belə xatırlayıb: "Niderlandda baş tutan cavab qarşılaşması Azərbaycan üçün çox önəmli idi. İlk görüşdə qolsuz heç-heçə etmişdik. Lakin səfərdəki oyunda qol vurdum və qrup mərhələsinə vəsiqə qazandıq. Unudulmaz gecə idi. Ömrümün sonunadək həmin matçı xatırlayacağam. Əziyyətimizin bəhrəsini gördük. Həmin tarixdən indiyədək “Qarabağ” hər mövsüm avrokubokların qrup mərhələsində mübarizə aparır”.
Qeyd edək ki, “Qarabağ” “Bayer”i bu gün saat 21:45-də Tofiq Bəhrəmov adına Respublika stadionunda qəbul edəcək. Komandalar arasında cavab qarşılaşması isə martın 14-də Almaniyada baş tutacaq.