"Mançester Siti"nin futbolçusu Kevin de Brüyne ötən gün "Liverpul"la matçda əvəzləndiyi üçün baş məşqçisi Xosep Qvardiolaya etiraz edib.
"Unikal" "The Telegraph"a istinadən xəbər verir ki, mütəxəssis oyunun 69-cu dəqiqəsində De Brüyneni Mateo Kovaçiç ilə əvəzləyib. De Brüyne isə bundan narazılığını ifadə edib və ehtiyat oyunçular skamiyasında əyləşib..
Xosep Qvardiola görüşdən sonra bu məsələ haqqında danışıb. O deyib:
"Mənim bundan xoşum gəlir. Əgər o əsəbləşirsə, bu yaxşıdır. İndi Kevin xoşbəxtdir. Nə etdiyimi bilirdim. Əvəzləmədən sonra daha yaxşı oynamağa başladıq. Kevinə nə deyə bilərəm? O, bizim üçün çox vacib futbolçudur. Kevinə ehtiyacımız var. Ancaq ikinci hissədə qol buraxdıqdan sonra oyun bizim nəzarətimizdən çıxmışdı və vəziyyəti düzəltmək üçün nəsə etməli idik.
Bizə topu saxlayan futbolçu lazım idi. Söhbət təzyiqdən getmir. Söhbət Kevinin oyununda deyil. Sadəcə Mateo bunu çox yaxşı bacarır... Kevindən razı qaldıq. Problem yoxdur. Hər şey qaydasındadır".
Qeyd edək ki, "Liverpul" - "Mançester Siti" oyunu 1:1 hesabı ilə başa çatıb.