Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə Cinayət Məcəlləsinin 178.4 (Dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilən 3 nəfərdən ibarət dəstənin ilkin məhkəmə baxışı keçirilib.
"Unikal"ın məlumatına görə, dövlət ittihamçısı Rauf Malışov təqsirləndirilən şəxslərin ittiham aktını elan edib. Sonra təqsirləndirlən şəxslər - Nazim Kamil oğlu Qarayev, Emin İmran oğlu Adıgözəlov və Elnur Əkbər oğlu Əzimov onlara qarşı sürülən ittihamlarla razı olmadığlarını bildiriblər.
Təqsirləndirilənlər - Nazim Qarayevin hüquqlarını müdafiə edən vəkil Elmira xanım hüquqlarını müdafiə etdiyi şəxsin xəstəliyi ilə əlaqədar həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı məhkəməyə vəsatət təqdim edib. Hakim isə vəsatətə növbəti məhkəmə iclasında münasibət bildirəcəyini qeyd edib.
Cinayət işində Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.
Məhkəmə prosesi mart ayının 19-na kimi təxirə salınıb.
Azər İsrafilov