Hoşimina şəhər məhkəməsi Vyetnamın ən iri əmlak şirkətlərindən biri olan "Van Thinh Phat Group"un direktorlar şurasının sədri Çonq Mi Lan haqqında ölüm hökmü çıxarıb.

"Unikal" "Röyters"ə istinadən xəbər verir ki, Lan rüşvətxorluq, mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edilib.

İttiham tərəfinə görə, böyük əmlak şirkəti "Van Thinh Phat"ın sədri 10 il ərzində Saigon Ticarət Bankından (SCB) pul mənimsəyib. Lan həmin bankın səhmlərinin 90%-nə sahib olub.

Qadın və onun tərəfdaşları 2022-ci ildə həbs edilib. Məhkəmə mart ayında başlayıb. Təqsirləndirilən şəxslərin fəaliyyətindən dəymiş ziyan 304 trilyon donq (12,5 milyard dollar) təşkil edib.

Vyetnam Mərkəzi Bankının keçmiş işçiləri, hökumət rəsmiləri və SCB rəhbərləri də daxil olmaqla, daha 85 nəfərə qarşı ittiham irəli sürülüb. Hoşimina şəhərində keçirilən prosesdə 78 müttəhim məhkəmə zalında iştirak edib, qalanları hələ də ədalətdən gizlənirlər.

Qeyd edək ki, kommunizmin hökm sürdüyü Vyetnamda adam öldürmə, silahlı soyğunçuluq, narkotik ticarəti, zorlama, uşaqlara qarşı cinsi istismar, korrupsiya, fırıldaqçılıq və mənimsəmə kimi 22 cinayətə görə ölüm cəzası tətbiq edilir.