İordaniya Haşimilər Krallığında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov İordaniya Haşimilər Krallığının Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseyn ilə görüşüb.

Bu barədə "Unikal"a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin salamlarını və Kral Əlahəzrət II Abdullah ibn Al Hüseynə ünvanlanmış ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət məktubunu qarşı tərəfə çatdırıb.
Görüşdə İordaniya ilə bir çox sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın vacibliyi vurğulanıb.

*** 14:08

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov İordaniya Haşimilər Krallığına rəsmi səfər edib.

Müdafiə Nazirliyindən "Unikal"a verilən məlumata görə, səfər çərçivəsində general-polkovnik Z.Həsənov İordaniya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general-mayor Yusif Əhməd Al-Hnaiti ilə görüşüb.

Əvvəlcə rəsmi qarşılanma mərasimi keçirilib. Fəxri qarovulun önündən keçdikdən sonra, protokola uyğun olaraq general-polkovnik Z.Həsənov ziyarətçilər kitabını imzalayıb.

Geniş tərkibdə keçirilən görüşdə hərbi, hərbi texniki sahədə əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Görüşün sonunda müdafiə sahəsində əməkdaşlığa dair Saziş imzalanıb.