Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin paytaxt yollarında quraşdırılmış videomüşahidə kameralarının əhatə dairəsində ötən 3 ay ərzində 384 yol-nəqliyyat hadisəsi baş verib.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "Unikal"a bildirilib ki, müvafiq tədbirlər görülməsi üçün NİİM-in əməkdaşları tərəfindən aidiyyəti üzrə Bakı şəhər DYPİ-nin əməkdaşlarına dərhal məlumat verilib. Qeydə alınan qəzaların təhlili göstərib ki, yüksək sürət, ara məsafəsinə düzgün əməl edilməməsi, yol nişanlarının tələbinin pozulması və sürücü diqqətsizliyi yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olub.
Qəzalar daha çox avtomobillərin intensiv hərəkət etdiyi mərkəzi küçə və prospektlərdə, Ziya Bünyadov, Heydər Əliyev, Babək, Tbilisi prospektlərində, Bakı-Sumqayıt, Aeroport, Sabunçu-Zabrat şoselərində, Üzeyir Hacıbəyli, Rəşid Behbudov, Mikayıl Müşfiq, 28 May və digər küçələrdə baş verib.
Bu yol-nəqliyyat hadisələri yollarda bir çox hallarda sıxlığın yaranmasına, digər nəqliyyat vasitələrinin sərbəst və fasiləsiz hərəkət etməsinə mane olub.