Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib.
"Unikal" xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda səfərdə “Qəbələ”ni 2 cavabsız qolla məğlub edən “Zirə” həlledici matça vəsiqə əldə edib.
Qarşılaşmada hər iki qol ikinci hissədə vurulub. 58-ci dəqiqədə Vladislav Kulaç, 84-cü dəqiqədə isə Rafael Utziq meydan sahiblərinin qapısına yol tapıblar.
Bakıdakı ilk görüşdə 2:1 hesablı qələbə qazanan paytaxt təmsilçisi iki matçın nəticəsinə (4:1) əsasən adını finala yazdırıb.
Yarımfinalın digər cavab oyununda “Qarabağ” “Neftçi”ni qəbul edəcək. Bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan Kubokunun final oyunu iyunun 2-də “Liv Bona Dea Arena”da olacaq.