Müstəqil Azərbaycanın qarşılıqlı maraqlar, müstəqillik və suverenlik prinsipləri əsasında həyata keçirdiyi ardıcıl çoxvektorlu xarici siyasət kursu beynəlxalq miqyasda, o cümlədən də Avropa İttifaqı məkanında ölkəmizə çoxlu dostlar qazandırıb. Respublikamız Aİ-də təmsil olunan ayrı-ayrı ölkələrlə intensiv təmaslara malikdir və 9 üzv dövlətlə strateji tərəfdaşlıq haqqında müqavilələr imzalayıb. 

Azərbaycanın “qoca qitə”də tərəfdaşlıq münasibətlərini getdikcə daha da inkişaf etdirdiyi ölkələrdən biri də Slovakiyadır. Dünən Slovakiya Baş naziri Robert Fitsonun ölkəmizə rəsmi səfəri baş tutdu. Səfər çərçivəsində ikitərəfli münasibətlərin dinamikasından məmnunluq ifadə olundu və perspektiv əməkdaşlığın müxtəlif aspektlərinə aid aktual məsələlərin müzakirəsi aparıldı, həmçinin tətbətək və geniş tərkibdə görüşlər, mətbuata birgə bəyanatlar verildi. Slovakiya Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri Avropa İttifaqına üzv ölkələr arasında əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini bir daha təsdiqləmiş oldu və iki ölkə arasında münasibətlərin dünəni, bugünu və gələcəyi barədə aydın təsəvvür yaratdı.

Səfər iki ölkə arasında əlaqələrin inkişafında yeni səhifə kimi dəyərləndirildi. Bu yeni səhifəyə əsas verən iki ölkə arasında imzalanan sənədlər oldu. Belə ki, səfər çərçivəsində Azərbaycan ilə Slovakiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olundu, əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın mövcudluğu qeyd edildi. Siyasi münasibətlərin daha da möhkəmləndirilməsinin bilavasitə iqtisadi münasibətlərin dinamik inkişaf zərurəti ilə şərtləndiyini nəzərə alan tərəflər ölkələrimiz və xalqlarımız arasında siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlıq əlaqələrinin arzuolunan səviyyədə inkişaf etdirilməsini son dərəcə vacib bilirlər. Azərbaycanın iqtisadi baxımdan bölgədə lider rolunu oynaması, regionda və beynəlxalq aləmdə nüfuzunun daim artması əlaqələrimizin genişlənməsi üçün yaxşı zəmin yaradır.

Slovakiya Azərbaycanın Cənubi Qafqazdakı strateji yerini və rolunu yüksək qiymətləndirir, son illərdə ölkəmizlə çoxşaxəli əməkdaşlığın gücləndirilməsinə mühüm diqqət yetirir. Bu baxımdan dövlət başçılarının qarşılıqlı səfərləri əlaqələrin daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan Prezidenti İlham Əliyevin və Slovakiya Baş naziri Robert Fitsonun iştirakı ilə “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”, “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” əməkdaşlıq əlaqələrinin daha da güclənməsi üçün yeni perspektivlər açacaq. Dövlət başçısı İham Əliyev mətbuata bəyanatında səfər çərçivəsində strateji tərədaşlıq haqqında birgə Bəyannamənin imzalanmasını önə çəkərək bildirdi ki, bu, çox ciddi siyasi və əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran sənəddir. Strateji tərəfdaşlıq Bəyannaməsində əks olunan maddələr niyyətimizi əks etdirir, eyni zamanda, gələcək əməkdaşlığın perspektivlərini də müəyyən edir. İmzalanan sənədlər arasında müdafiə və müdafiə sənayesi sahələrinə aid sənədlər var. Bu iki istiqamət üzrə geniş fikir mübadiləsi aparıldı və müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında da artıq konkret danışıqlara da start verildi.

Mətbuata bəyanatında Azərbaycanın enerji diplomatiyasının uğurlarından geniş bəhs edən cənab İlham Əliyev çoxtərəfli əməkdaşlıq sahəsində atılan addımları və uğurlu nəticələri diqqətə çatdırdı. Məlumdur ki, bu gün enerji təhlükəsizliyi bütün dünyada xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın zəngin karbohidrogen ehtiyatları imkan verir ki, təbii qazla bağlı ən azı yüz il bundan sonra Avropa ilə tərəfdaş olsun. Azərbaycan hazırda 8 ölkəyə öz təbii qazını ixrac edir. 9-cu ölkə Slovakiya olacaq. Keçən ilin aprel ayında “Həmrəylik Halqası” adlanan sənəd imzalandı və Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yaradıldı. Mətbuata birgə bəyanatda Avropa İttifaqı ilə Azərbaycan arasında qaz və enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq Bəyannaməsini də xüsusi diqqət yönəldilərək bildirildi ki, Azərbaycan öz təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir. Avropaya təchizat 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə qədər qalxacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. 2027-ci ilin sonuna qədər təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi məsələsi gündəlikdədir.

Səfər çərçivəsində xüsusilə yadda qalan məqamlardan biri də Slovakiya şirkətləri tərəfindən Ağdamın Qərvənd kəndinin yenidən qurulması oldu. Bu da təbii ki, həm böyük rəmzi məna daşıyır, həm də əlaqələrimizin səmimiliyinin dərəcəsini göstərir. Bununla da ölkə başçısı tərəfindən azad edilmiş torpaqlarda Slovakiya şirkətlərinin fəaliyyəti təqdir edildi.

Ümumilikdə, Azərbaycanla Slovakiya arasında bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsi istiqamətində atılan addımlar böyük nəticələrin əldə olunacağına əsas verir. Bu səfər onu göstərdi ki, rəsmi Bratislava Cənubi Qafqazın ən ararıcı və resrektivli ölkəsi sayılan Azərbaycanla əməkdaşlığı dərinləşdirmək üçün səylərini daha da artırmaq niyyətindədir.

Milli Məclisin deputatı, Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə İşçi Qrupun rəhbəri Anar Məmmədov