Xalqımızın Ümummilli Lideri, müasir Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Rusiya Federasiyasının Həştərxan vilayətində qeyd edilib.
"Unikal" xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbirlərdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir.
Azərbaycan nümayəndə heyəti, Həştərxan vilayətinin vitse-qubernatoru - Hökümət sədri Denis Afanasyev və Həştərxan vilayətinin rəsmi şəxsləri, Azərbaycan diasporasının nümayəndələri Həştərxan şəhərində Ulu Öndərin adını daşıyan Xiyabana gələrək onun abidəsini ziyarət edib. Ümummilli Liderin abidəsinin önünə gül dəstələri düzülüb, onun əziz xatirəsi dərin ehtiramla yad edilib. Sonra qonaqlar “Əbədi məşəl” memorialını ziyarət etmişdir.
Daha sonra nümayəndə heyəti ilə Həştərxan vilayətinin vitse-qubernatoru - Hökümət sədri Denis Afanasyevin görüşü olub. Görüşdə iki ölkə arasında mövcud olan əməkdaşlığın gündən-günə inkişaf etdiyini, bu münasibətlərin dostluq və qardaşlıq prinsiplərinə söykəndiyini vurğulayan Denis Afanasyev əməkdaşlıqların yeni prioritetləri, iqtisadi əlaqələrin daha da şaxələndirilməsi istiqamətində mühüm addımların atıldığını qeyd edib. Həştərxan Hökümətinin sədri Həştərxanda çoxsaylı sosial, iqtisadi, mədəni layihələr həyata keçirmiş və bu il 20 illik yubileyini qeyd edən Heydər Əliyev Fondunun həştərxanlıların böyük sevgisini qazandığını xüsusi qeyd etmiş, həyata keçirilmiş bu uğurlu layihələrə görə təşəkkürünü bildirərək Fondun gələcək fəaliyyəti üçün öz xoş arzularını çatdırmışdr.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev öz növbəsində səmimi qəbula görə Həştərxan vilayəti Hökümətinə təşəkkürünü bildirib. Qeyd edilib ki, Həştərxanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş silsilə tədbirlərin keçirilməsi Azərbaycanda yüksək qiymətləndirilir və mehriban qonşuluq münasibətlərinin təzahürüdür. Nümayəndə heyətinin tərkibində yer alan YAP Abşeron rayon Təşkilatının sədri Abbas Əliyev öz növbəsində Ulu Öndər Heydər Əliyevin xatirəsini daim əziz tutduqları üçün həştərxanlılara təşəkkürünü bildirib.
Görüş zamanı ötən il “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin 100 illik yubileyinin Həştərxan vilayətində təntənəli şəkildə qeyd edildiyi vurğulanmış, keçirilmiş tədbirlərdə Həştərxan vilayətinin rəsmi şəxslərinin, Azərbaycandan gəlmiş nümayəndə heyətlərinin və həştərxanlıların fəal iştirak etdiyi, Ümummilli Liderin əziz xatirəsinin vilayətdə böyük sevgi ilə yad edildiyi qeyd edilmişdir.
Sonra Azərbaycan nümayəndə heyəti Heydər Əliyev adına 11 saylı orta ümumtəhsil məktəbini ziyarət edib, məktəbdə Ulu Öndərin büstü önünə gül dəstələri düzərək onun əziz xatirəsini ehtiramla yad edib. Səfər çərçivəsində nümayəndə heyəti yeni tikiləcək məktəb korpusunun layihələndirilmə işləri tanış olmuşlar.
Daha sonra Həştərxanda yerləşən Azərbaycan İş Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konfrans keçirilmişdir. Konfransda Həştərxan vilayətinin vitse-qubernatoru - Hökümət sədri Denis Afanasyev, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, YAP Abşeron rayon Təşkilatının sədri Abbas Əliyev, Azərbaycan nümayəndə heyətinin digər üzvləri, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) Həştərxan bölməsinin və Azərbaycan diasporasının üzvləri iştirak etmişdir. Görüşdə Azərbaycanın əldə etdiyi nailiyyətlərin və bugünki qələbələrimizin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğu qeyd edilərək, bundan sonra da daimi olaraq dövlətimizin və Ulu Öndərin müəyyənləşdirdiyi milli idealogiyamız üçün çalışmağın vacibliyi vurğulanıb, iki ölkə arasında münasibətlərin dərinləşməsinə gənclərimizin böyük töhvələr verdiyi bildirilib. Azərbaycanlı gənclər və diaspora üzvləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev siyasətinə sadiq olduqlarını, onun rəhbərliyi ilə aparılan və hər zaman Azərbaycan dövlətinin maraqlarına xidmət edən uğurlu siyasətinə daim dəstək olduqlarını bildirmişlər. Konfransda Azərbaycan nümayəndə heyəti Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin tərəfindən Heydər Əliyev Fondunun 20 illik yubileyi münasibəti ilə ünvanlanmış təbrikə görə təşəkkür etmiş, Fondun bir çox ölkələrdə, o cümlədən Rusiya Federasiyasının müxtəlif regionlarında çoxşaxəli fəaliyyətini və həyata keçirdiyi layihələri vurğulamışdır. Həştərxan vilayətinin rəsmiləri isə Heydər Əliyev Fondu tərəfindən vilayətdə həyata keçirilmiş layihələrə görə təşəkkürlərini bildirmiş, Heydər Əliyev Fondunun vitse-prezidenti və Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın
Həştərxan şəhərinə səfərlərini böyük sevgi ilə xatırladıqlarını və yüksək qiymətləndirklərini bildirmişlər.