Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi (AR ETN) İdarəetmə Sistemləri İnstitutunun (İSİ) baş direktoru, akademik Əli Abbasov, Beynəlxalq əlaqələr və innovasiya şöbəsinin müdiri, t.ü.f.d. Tofiq Babayev və ictimai əsaslarla direktorun köməkçisi Renying Li Guangzhou Universitetinin (GU) və Çin Milli Kosmik Administrasiyasının (ÇMKA) dəvəti ilə 22-26 aprel 2024-cü il tarixlərində Çin Xalq Respublikasında səfərdə olmuşlar.
"Unikal" xəbər verir ki, səfərin məqsədi Yer haqqında aerokosmik informasiyanın toplanması, İpək Yolu ölkələrində Data mərkəzlərdə yerləşdirilməsi və emalı vasitəsilə BMT-nin “Dayanıqlı İnkişaf Məqsədləri” proqramı çərçivəsində XXI əsrin qlobal Yer problemlərinin, o cümlədən təbii fəlakətlər, iqlim dəyişiklikləri, su resurslarının idarə olunması və digər təbiət problemlərinin həllində Çin alim və mütəxəssisləri ilə əməkdaşlığın qurulması və birgə layihələrin həyata keçirilməsi olmuşdur.
Səfər əsnasında nümayəndə heyəti Guangzhou Universitetində, Vuhan Universitetində, Çin Milli Kosmos Administrasiyasında, Asiya-Sakit Okean Kosmik Əməkdaşlıq Təşkilatında (APSCO), Hubei Əyalətinin Chushang Federasiyası Assosiasiyasında görüşlər və müzakirələr aparmışlar. Qonaqlar ÇXR-nın avtonom uçuş aparatları və avtomobilləri şirkəti olan Guangdon Huitian Aerokosmik Texnologiya Co., Ltd şirkətinin Elmi Tədqiqat Mərkəzini və FiberHome Telekommunikasiya Texnologiyaları Co., Ltd. şirkətini ziyarət etmiş, fəaliyyət istiqamətlərilə yaxından tanış olmuşlar.
Azərbaycanın nümayəndə heyətini qəbul edən Çin Milli Kosmos Administrasiyanın idarə heyətinin sədr müavini cənab Bianq Zianq Azərbaycan Kosmik Agentliyinin - Azərkosmosla əməkdaşlığının önəmini vurğulayıb. Ötən il Bakıda keçirilmiş 74-cü Astronavtika konqresində (IAC–2023) ÇMKA-nın baş mühəndisinin böyük bir qrup nümayəndə heyəti ilə iştirak etdiyini qeyd edib və “Bir Kəmər, Bir Yol” layihəsi çərçivəsində Azərbaycanla əməkdaşlıq əlaqələrindən bəhs edib.
Cavab nitqində nümayəndə heyətinin rəhbəri, AR Kosmik Agentliyinin İdarə Heyətinin sədr müavini cənab Dunay Bədirxanov dəvətə görə minnətdarlığını bildirmiş, Azərkosmosla ÇMKA-nın son illər əldə etdiyi nailiyyətlərini qeyd edərək kosmik təşkilatlar arasında əməkdaşlığın genişləndirilməsinin vacib olduğunu qeyd etmişdir.
Azərkosmosun imkanları barədə məlumat verən D.Bədirxanov üç milli peykin mövcudluğu, 50 müxtəlif ölkələrə kosmik xidmətlər göstərməsini və son zamanlar Çin şirkətləri ilə əlaqələrin genişlənməsini və 74-cü Beynəlxalq Astronavtika Konqresində Çinin bir çox təşkilatlarının və şirkətlərinin iştirakını və Çin alim və mütəxəssislərinin təqdim etdiyi məqalələr və çıxışların əhəmiyyətini xüsusi ilə qeyd etdi. D.Bədirxanov Azərkosmosla ÇMKA arasında gələcək əməkdaşlığın inkişafı və bu sahədə hər iki ölkənin elm nümayəndələrinin iştirakının vacibliyini qeyd etdi.
Azərbaycanın nümayəndə heyəti, həmçinin Vuhan şəhərində Çinin Kosmos Gününə həsr olunmuş təntənəli iclasda və Çin - Latın Amerikası və Karib Hövzəsi Ölkələrinin Kosmos Əməkdaşlıq Forumunda iştirak etmişlər.
Səfər müddətində Azərbaycan və Çin alimləri “Bir kəmər - Bir yol” təşəbbüsü platformasında Çin Elmlər Akademiyasının Elm Proqramı çərçivəsində fəzadan Yer kürəsinin tədqiqi məsələlərində, o cümlədən Avropa və Asiya arasında Azərbaycan Respublikasının da aktiv iştirakçısı olduğu “Orta Koridor” boyunca nəqliyyat və logistika məsələlərində elmi tutumlu problemlərin həllində birgə əməkdaşlıq üzrə müzakirələr aparmışlar.
2013-cü ildə Çin tərəfindən “Bir Kəmər, Bir Yol” təşəbbüsünün irəli sürüldüyü ilk gündən Azərbaycanın bu təşəbbüsü dəstəklədiyini qeyd edən Əli Abbasov 2016-cı ildə Çin Elmlər Akademiyasının və Çin Milli Kosmik Administrasiyasının irəli sürdüyü “Rəqəmsal Kəmər və Yol” (DBAR) meqa layihəsinin önəmini qeyd edib. Akademik regionda müvafiq elmi tədqiqat təşkilatlarını əlaqələndirərək BMT-nin “Dayanıqlı İnkişaf Məqsədləri” çərçivəsində Böyük İpək Yolu boyu ətraf-mühitin qorunması, yer problemlərinin həlli və monitorinqi üçün alim və mütəxəssislərin birgə fəaliyyətinin zəruriliyindən bəhs edib.
Ə.Abbasov qeyd edib ki, Azərbaycanın təklifi ilə BMT-nin Baş Assambleyasının 2010-cu il 64-cü, 2013-cü il 67-ci sesiyalarında Azərbaycan hökumətinin koordinatorluğu ilə “Trans Avro-Asiya Böyük İnformasiya Magistralı” layihəsinin həyata keçirilməsi qərara alınmışdır.
Azərbaycan və Çin alimləri arasında aparılan müzakirələrdə, həmçinin Azərbaycanda bu ilin noyabr ayında keçiriləcək dünyanın nüfuzlu tədbirlərindən biri olan BMT-nin Tərəflər Konfransının (COP29) sesiyasında Azərbaycan və Çin alimlərinin birgə iştirakı üçün ETN-in İdarəetmə Sistemləri İnstitutu, Çin Elmlər Akademiyasının Aerokosmik İnformasiya Tədqiqat İnstitutu və Guangzhou Universitetinin birgə iştirak perspektivlərindən bəhs olunub.
Görüş çərçivəsində, həmçinin ÇXR-nın Guangzhou Universiteti və AR ETN İdarəetmə Sistemləri İnstitutu arasında elmi-texniki əməkdaşlıq haqqında memorandum imzalanıb.