Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) kollektivi dahi şəxsiyyət, unudulmaz lider Heydər Əliyevin məzarını doğum günü ilə əlaqədar ziyarət ediblər.
"Unikal" xəbər verir ki, İSİ əməkdaşları dərin hörmət və ehtiram ifadəsi olaraq Ulu Öndərin məzarı üzərinə tər gül dəstələri qoyub, ruhu qarşısında baş əyiblər.
Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, müstəqillik və inkişaf naminə misilsiz xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin mənalı ömür yolu və siyasi fəaliyyəti Azərbaycan xalqının rifah halının yaxşılaşdırılması və müstəqilliyinə həsr olmuşdur.
Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi mütləq inkişafla müşayiət olunan dövrdə ölkədə dövlət-elm-istehsalat zəncirinin əsası qoyulub, elm, təhsil, informasiya texnologiyaları və digər sahələrdə sürətli inkişaf baş verib, istehsalat birlikləri, elmi tədqiqat müəssisələri yaradılıb. Ulu Öndərin ölkədə təhsilin inkişafına göstərdiyi müstəsna xidmətlərdən biri də Azərbaycan təhsilinin hüdudlarının genişləndirilməsi olmuşdur.
Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın qabaqcıl dünya dövlətləri sırasında öz layiqli yerini tutması və hərtərəfli inkişafı istiqamətində həyata keçirilən dövlət strategiyası bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Əminliklə söyləmək olar ki, Ulu Öndərin əziz xatirəsi Vətənə dərin məhəbbəti olan hər bir azərbaycanlının qəlbində daim yaşayacaq.