Mayın 10-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) akt zalında Ulu öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunan tədbir keçirilib.
"Unikal" xəbər verir ki, Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə dünya səviyyəli siyasi xadim Heydər Əliyevin çoxəsrlik dövlətçilik tariximizdəki rolundan, quruculuq işlərindən bəhs edilib. Qeyd edilib ki, Ulu öndərin ömür yolu vətənə, xalqa, gənclərə xidmət nümunəsidir. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparıb. O, həmişə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət-ənənələrinin zənginləşdirilməsinə çalışıb. Eyni zamanda gənclərimizi xalqımızın milli-mənəvi dəyərləri, milli əxlaq prinsipləri əsasında tərbiyə etməyi tövsiyə edib.
Daha sonra Ümummilli liderin həyatından bəhs olunan sənədli film nümayiş olunub.
Qeyd edək ki, tədbirdə ASAPES-in rəhbərliyi, professor-müəllim heyəti, tələbələri iştirak edib.