Aslan İsmayılovu neytrallaşdırmağa çalışırlar
22:57 24-05-2013
CƏMİYYƏT
Aslan İsmayılovu neytrallaşdırmağa çalışırlar
Xəbər verildiyi kimi, mayın 8-də Aslan İsmayılov Vəkillər Kollegiyasından çıxarılıb. Vəkillər Kollegiyasının qərarı ilə Aslan İsmayılovun vəkillik fəaliyyətinə xitam verilməsi üçün dərhal məhkəməyə müraciət ediləcək. Bundan başqa, onun vəkil bürosunun fəaliyyətini dayandırması haqda da məsələ qaldırılıb.
Yeri gəlmişkən, Aslan İsmayılov bildirmişdi ki, bu qərarla bağlı məhkəməyə müraciət etmək niyyətində deyil. Vəkil bu yolla onu susdurmaq istədiklərini, ancaq "ölkədə korrupsiyanın, rüşvətin tüğyan etdiyi vaxtda susmayacağını" da bildirir.
Xatırladaq ki, bu il fevralın 12-də Səbail rayon Məhkəməsinin hakimi Elnur Həsənov vəkil Aslan İsmayılovla bağlı Vəkillər Kollegiyasının intizam komissiyasına müraciət etmişdi. Hakim Aslan İsmayılovun vəkil etikasını pozaraq onu təhqir etdiyini bildirmişdi. Vəkil bu məlumatı təkzib etmişdi. Əksinə, hakimin onu təhqir etdiyini bildirmişdi. Bunu da Aslan İsmayılov hakim Elnur Həsənovun çıxardığı qərarın Ali Məhkəmədə ləğvinə nail olması ilə izah etmişdi.
Müşahidəçilərin fikrincə, vaxtaşırı Vəkillər Kollegiyası öz peşəsinə məsuliyyətlə yanaşan, professionallıqları ilə seçilən vəkillərə qarşı zaman-zaman təzyiqlər edir. Bu sırada Vəkillər Kollegiyasının repressiya maşınından keçmiş Osman Kazımov, Namizəd Səfərov, Xalid Bağırov və digərlərinin adlarını qeyd etmək lazımdır. Aslan İsmayılov prinsipial, müstəqil, qəti və qorxmaz mövqeyi ilə seçilən vəkillərdəndir. Vəkillər Kollegiyasının onu növbəti qurban kimi sıradan çıxarmaq istəyi ölkəmizin nüfuzuna böyük zərbə vurur. Azərbaycanda vəkillik institutunun fəaliyyətində ciddi nöqsanların üzə çıxması beynəlxalq aləmdə ölkəmizin üzv olduğu beynəlxalq təşkilatlarda narahatlıq doğurur.
Azərbaycanın bir qrup hüquq müdafiəçisi, Aslan İsmayılova qarşı aparılan təzyiq kampaniyasına son qoymağı tələb edərək bildirib ki, bu cür hallar ölkənin beynəlxalq təşkilatlar qarşısında üzərinə götürdüyü öhdəliklərə ziddir.
Vəkil Namizəd Səfərovun "Unikal"a bildirdiyinə görə, "Əslində, Vəkillər Kollegiyası ölkədəki vəkillərin hüquqlarını müdafiə etmək üçün yaradılıb. Çünki vəkillərimiz hüquq-mühafizə orqanları tərəfindən ciddi təzyiqlərə məruz qalır və öz funksiyalarını normal şəkildə icra edə bilmirlər. Başqalarının hüquqlarını qorumalı olan vəkillər öz hüquqlarını qoruya bilmirlər. Buna görə də Vəkillər Kollegiyası təsis edilib ki, vəkillərin hüquqları təsbit edilsin. Reallıqda isə bunun əksini görürük. Təəssüf ki, Vəkillər Kollegiyası repressiya alətinə çevrilməyə başlayıb".
Vəkilin sözlərinə görə, "Aslan İsmayılov Azərbaycan cəmiyyətində prinsipial, sözünü deməyi bacaran və professional vəkil kimi tanınıb. Birinci dəfə deyil ki, Vəkillər Kollegiyası namuslu və prinsipial vəkilləri bu formada cəzalandırır. Bir neçə il əvvəl məni də bu qurumdan uzaqlaşdırıblar. Neçə illərdir ki, mübarizə aparsam da, xeyri olmayıb".
Aslan İsmayılovun "Unikal"a söylədiyinə görə, "Mənimlə bağlı baş verənlər mənə aydındır. Bu, ilk dəfə deyil. Haqqımda dəfələrlə cinayət işi açılıb, məni vəkillikdən qovublar. Vəkillikdə vəkilə qarşı çıxıla biləcəkləri bütün hoqqalardan mənimlə bağlı çıxıblar. Bütün bunların kökündə duran qanunsuzluqlara qarşı mütəmadi mətbuatda gedən etirazlarımdır. Axırda səbr kasasını da daşdıran mənim yüksəkrütbəli vəzifə sahiblərini kəskin şəkildə tənqid etməyimdir. Vəkillər Kollegiyası mənə qarşı tədbir görmək iqtidarında deyil. Mən orada olanların hamısını gözəl tanıyıram, onlar da məni gözəl tanıyır. Sadəcə onlara tapşırıq verilib, onu icra edirlər".
Haqqı deməkdən dönməyəcəyini deyən peşəkar vəkil bunu hər kəsin bilməli olduğunu deyir. "Bü gün bu addımlar azad fikirləşən və azad söz sahibi olan insanların hamısını susdurmağa yönəldilmiş prosesdir. Məsələn, mənim susdurulmağım bunlar üçün çox vacibdir, ona görə ki, böyük bir gənc vəkil nəsli gəlir. Savadlı, bacarıqlı, qorxmaz. Bunlar da bu nəslin susdurulması cəhdləridir. Amma bütün bunlar əbəs yerədir. 1 "Aslan İsmayılov"u qovacaqlar, yerində 100 "Aslan İsmayılov" peyda olacaq. Bu prosesi dayandırmaq mümkün deyil və mən də tutduğum yoldan dönən deyiləm. Bu günə qədər mübarizəmi necə qanun çərçivəsində davam etdirmişəmsə bundan sonra da edəcəyəm. Məni öldürə, tuta bilərlər, amma susdura bilməzlər. Bunu hamı bilməlidir", - deyə A. İsmayılov müstəqil vəkillərə qarşı təzyiqlərlə bağlı mövqeyini də açıqlamışdır.
Məzahir Avşar
Digər Xəbərlər
2024-12-27 00:31:47
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44