Azərbaycan Respublikası Prezidentinin Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin onun icrası ilə bağlı müvafiq qərarına əsasən, yemək xərci, kommunal və digər xidmətlər üzrə məcburi köçkünlərə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin verilməsi davam etdirilir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən "Unikal"a bildirilib ki, Füzuli və Ağdam rayonlarının vaxtilə işğala məruz qalmış və ya düşmənlə təmas xəttinə yaxın olan, 1994-cü ilin may ayında imzalanmış atəşkəs müqaviləsindən sonra dinc həyatın bərpa edildiyi yaşayış məntəqələrinə qayıdan vətəndaşlara da sosial dəstək məqsədilə vahid aylıq müavinət verilib:
"Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 2020-ci ildə apardığı Vətən müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində təmas xətti tamamilə ləğv olunaraq əhalinin təhlükəsiz yaşaması və fəaliyyət göstərməsi təmin edilib. Bununla əlaqədar olaraq, Füzuli rayonunun Horadiz şəhərində və 21 kəndində, Ağdam rayonunun 7 kəndində daimi yaşayan vətəndaşlara vahid aylıq müavinətin ödənilməsi 2024-cü il 1 may tarixindən etibarən dayandırılıb. Eyni qərar Cəbrayıl rayonunun işğaldan azad edildikdən sonra 2017-ci ildə bərpa olunmuş Cocuq Mərcanlı kəndinin geri qayıdıb daimi məskunlaşan sakinlərinə də şamil olunub.
Mövcud qanunvericiliyə əsasən, keçmiş məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan etibarən dövlət büdcəsinin vəsaiti hesabına görülən sosial müdafiə tədbirlərinin, o cümlədən vahid aylıq müavinətin verilməsinin qanunvericiliklə nəzərdə tutulan üç il müddətində başa çatması nəzərdə tutulur".