Çap xidmətləri adı altında fəaliyyət göstərən ofisdə "TikTok" oyunları keçirərək səs-küy salan şəxslər məsuliyyətə cəlb ediliblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Unikal"a verilən məlumata görə, ayın 21-də gecə saatlarında bir nəfər polisə məlumat verərək "TikTok" sosial şəbəkəsində "Samka" ləqəbli şəxsin idarəçiliyi ilə aparılan verilişdə özünü şəhid ailəsi kimi təqdim edən qadının nalayiq ifadələr işlətdiyini və şəxsi maraqları üçün şəhid ailəsi adından istifadə etdiyini bildirib.
Araşdırmalarla həmin verilişin paytaxtın Nərimanov rayonu ərazisindəki çap xidmətləri adı ilə fəaliyyət göstərən ofisdə təşkil olunması, həmin ünvana gecə saatlarında xeyli sayda vətəndaşların gəlməsi və orada səhər saatlarınadək keçirilən şou-proqramlar nəticəsində yaranan səs-küyün sakinlərin haqlı narazılığına səbəb olması müəyyən edilib.
Həmçinin həmin iaşə obyektinin icarə müqaviləsi olmadan fəaliyyət göstərdiyi də aşkar edilib.
Polis əməkdaşları tərəfindən qeyd olunan məkana toplaşaraq ictimai qaydanı pozan 14 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq edilib.