"Bu gün Ermənistanda ictimai-siyasi gərginlik davam edir, gərginliyin əsas körükçüsü isə Baqdan Qalstanyan adında din dəllalıdır".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Ceyhun Məmmədov deyib.
O bildirib ki, mayın 26-da Baqdan Qalstanyan yenidən “izdihamlı” mitinqlər təşkil etməyi planlaşdırır:
“Tarix boyu azərbaycanlılarla ermənilərin dinc şəraitdə yaşamasına mane olan əsas qurumlardan biri də erməni kilsəsi olub. Kilsə bu gün də eyni siyasəti davam etdirir. Əslində səmavi dinlərin tarix boyu bəşəriyyətə göndərilməsinin əsas səbəbi xalqlar arasında sülhü və barışı təmin etmək olub. Heç bir din insanlığı müharibəyə və düşmənçiliyə çağırmayıb. Bu addımlarla erməni kilsəsi öz dininə və onun ehkamlarına da xəyanət edir. Bəs, Baqrat erməni cəmiyyətinə nə təklif edir? Sülhün alternativi müharibədir. Ermənistan dövləti və cəmiyyəti müharibəyə hazırdırmı? Hesab edirəm ki, erməni xalqı bu saxtakar keşişə və onun arxasında qorxaqcasına gizlənən köhnə rejimin qalıqlarına öz yerini göstərməlidir”.
Anar Kəlbiyev