Masallı rayon Mahmudavar kənd ümumi orta məktəbin yetkinlik yaşına çatmayan 9-cu sinif şagirdi özündən iki dəfə yaşlı olan 30 yaşlı bir nəfərlə zorla evləndirilir.

"Unikal" xəbər verir ki, belə bir iddia sosial şəbəkədə yayılıb.

Məlumata görə, 12 və 18 iyun tarixlərinə toy günləri təyin edilib. Bildirilir ki, toyu olacaq azyaşlı qız imtahanlarda yüksək bal toplayıb. 30 yaşlı oğlan özü Rusiyada yaşayır, atası isə Masallının Tüklə kənd məktəbində müəllim işləyir. 

Məsələ ilə bağlı Mahmudavar kənd orta məktəbin direktoru İsa İbadov toy xəbərini təkzib edib: 

"Yazılanların əksəriyyəti həqiqəti əks etdirmir. Haqqında sözügedən şagirdin 13 yox 03-02-2024-də 16 yaşı tamam olub, oğlanın isə 28 yaşı var və toyun təyini barədə deyilənlər isə tamamilə səhvdir.Oğlan məktəbimizin şagirdi olub və mən dərhal onu çağırıb şayiələr barədə fikrini öyrəndim.Cavabı belə oldu ki, hələ toy haqqında fikirləşmirlər, 12 və 18 iyun toy vaxtları tamamilə yanlışdır. Cəmiyyət belə xəbərlərə ac olduğu üçün tez paylaşılır.Şagirdimizin məktəbə davamiyyəti normal olmuş və təsadüfi deyil ki, imtahanlardan normal qiymət almışdır. Şagird məktəbə davam edir və onun nişanlanmasına məktəbin reaksiyası çox sərt olmuşdur. Valideynlər iclasında bu barədə bütün valideyinlərlə söhbət edilmişdir. Məsələ daim diqqətdə olub və diqqətdə saxlanılacaq".

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Unikal"a verilən məlumata görə, məsələ nəzarətə götürülüb:

"16 yaşı tamam olan həmin yetkinlik yaşına çatmayan hazırda təhsilə davam edir və davamiyyəti nəzarət altındadır. Ona nikah yaşına çatmamış toy və ya nişan mərasiminin keçirilməsinin yolverilməzliyi ilə bağlı valideynlərinə bir müddət əvvəl də xəbərdarlıq edilib. Polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər görülür".