Keçmiş vəkil Əkbərov Ruhid Rəşid oğlunun Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluq etmə maddəsi ilə məhkəməsi başlayır.
“Unikal”ın məlumatına görə, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən Ruhid Əkbərovun cinayət işi araşdırılmaq üçün hakim Azad Məcidovun icraatına verilib.
Qeyd edək ki, 13 saylı Vəkil Bürosunun vəkili olmuş Əkbərov Ruhid Rəşid oğlu bundan öncə də dələduzluq maddəsi ilə həbs edilib və 2021-ci il mart ayının 11-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, həmin vaxt iki vətəndaşa qarşı 50 min manatdan çox dələduzluq etməkdə təqsirli bilinirdi.
Xatırladaq ki, Ruhid Əkbərov 2018-ci ildə Türkiyədə saxlanılıb. O, Azərbaycana ekstradisiya edilən tanınmış sabiq deputat, “Quska” ləqəbli Hüseyn Abdullayevin cinayət işi üzrə istintaqın ilkin mərhələsində onun vəkili olub.
Azər İsrafilov