Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən iclasda Elçin Zəkaya qarşı quldurluq etməkdə təqsirli bilinən 4 nəfərə qarşı dövlət ittihamçısı cəza istəyib.
"Unikal"ın məlumatına görə, dövlət ittihamçısı Zeynal Yusifovun 12 il 6 ay, Heydər Əkbərovun 11 il, Rəhimə və Hökümə bacılarının isə hərəsinin 10 il muddətinə azadlıqdan məhrum edilməsini istəyib. Qeyd edək ki, Elçin Zəka 3 nəfərin ziyanı ödədiyini bildirsə də Zeynal Yusifovun barışığa heç bir cəhd göstərmədiyini bildirib.
Növbəti məhkəmə prosesi 14 iyun tarixinə kimi təxirə salınıb.
Qeyd edək ki, hadisə ötən ilin iyununda paytaxtın Suraxanı rayonunda qeydə alınıb.
Belə ki, təqsirləndirilən şəxslər qisas məqsədilə Elçin Zəka ləqəbli toy müğənnisinin evinə basqın ediblər. Zərərçəkmiş şəxsə qarşı quldurluq edilib və daha sonra döyülüb.
Bakı Şəhər Baş Polis İdarəsi və Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri H.Əkbərov, Z.Yusifov, R.Əşrəfzadə və bacısı H.Əşrəfzadə saxlanılıb.
Onlara qarşı Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 181.2.3-cü (Quldurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə), 181.2.5-ci (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə), 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 182.2.2-ci (təkrar hədə-qorxu ilə tələb etmə), 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) və 326.2-ci (vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və ya digər mühüm şəxsi sənədini oğurlama) maddələri ilə ittiham irəli sürülüb.
Azər İsrafilov