Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) komanda-qərargah təlimi keçirilib.

"Unikal" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, komanda-qərargah təlimində bölmələr təlim rayonlarına çıxarılarkən onların manevr imkanları, komandirlərin və qərargahların yaranmış mürəkkəb əməliyyat şəraitində idarəetmə bacarıqları və qərargahların bölmələrin hərtərəfli təminatında fəaliyyətləri yoxlanılıb.

Açılmış səhra və stasionar döyüşü idarəetmə məntəqələrində yuxarı komandanlıqdan alınmış tapşırığa əsasən əməliyyatların planlanmasına başlanılaraq optimal qərarın qəbulu üçün hərbi qərar qəbuletmə prosesinə uyğun fəaliyyətlər icra olunub.

Təlimin ikinci mərhələsi ənənəvi olaraq qərargahlar tərəfindən qəbul edilən qərarların, komandirlərin bölmələri idarəetmə bacarıqlarının və atəş-dəstək vasitələrinin effektiv istifadəsini görmək məqsədilə Simulyasiya Mərkəzində kompüterlər üzərində oynanılması ilə keçirilib.

Komanda-qərargah təlimində praktiki fəaliyyətlərə cəlb olunan birləşmə, hissə və bölmələrin tapşırıqları dəqiqləşdirilib, təlim döyüş fəaliyyətlərinin gedişində xüsusi təyinatlı, tank, mexanikləşdirilmiş, rabitə və artilleriya bölmələrinin ümumqoşun birləşmələri ilə qarşılıqlı fəaliyyət üzrə sualların işlənilməsi yoxlanılıb. Təlimə cəlb olunan Hava Hücumundan Müdafiə bölmələrinin döyüş növbətçiliyində olan Kəşfiyyat və Hədəfgöstərmə stansiyaları ilə hava məkanının fasiləsiz kəşfiyyatı aparılıb, məlumatlar təhlil olunaraq komanda və idarəetmə məntəqələrinə, həmçinin qarşılıqlı əlaqədə olan bölmələrə ötürülüb. Döyüş heyətləri müxtəlif hündürlük diapazonlarında intensiv aktiv və passiv maneə şəraitində fəaliyyət göstərən şərti hava düşmənini məhv edərək hava məkanının təhlükəsizliyini təmin edib.

Təlimin gedişində Raket və Artilleriya birləşmə, hissə və bölmələri pilotsuz uçuş aparatlarından və qoşun kəşfiyyatı vasitələrinin məlumatlarından istifadə etməklə şərti düşməni aşkar edərək sərrast və dəqiq atışlarla məhv ediblər.

Xüsusi təyinatlılar şərti düşmənin dərinliyində, çətin keçidli dağ və meşəlik ərazilərdə müxtəlif kəşfiyyat tapşırıqları yerinə yetirib. Artilleriya bölmələrinin atəşindən yararlanan xüsusi təyinatlılar şərti düşmənin vacib obyektlərini basqın fəaliyyətləri icra edərək ələ keçirib. Komandir heyətinin çevik qərar qəbuletmə bacarıqlarının, qərargahların qarşılıqlı fəaliyyətinin, eləcə də onların mürəkkəb şəraitlərdə döyüş tapşırıqlarını idarəetmə qabiliyyətlərinin daha da təkmilləşdirilməsi məqsədilə keçirilən təlimin yekununda qarşıya qoyulmuş məqsədlərə nail olunduğu vurğulanıb.