Bakıda və Abşeron yarımadasında iyunun 8-də gecə və səhər şimal-qərb küləyinin arabir 15-18 m/s-dək güclənəcəyi gözlənilir.

"Unikal" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Azərbaycanın rayonlarında iyunun 8-dən 11-dək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda (Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Naxçıvan MR) yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var.

Şimal-şərq küləyi bəzi yerlərdə arabir 15-18 m/s, ayrı-ayrı yerlərdə 20-23 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

*** 13:11

İyunun 8-də Azərbaycanda müşahidə ediləcək hava şəraiti açıqlanıb.

Bu barədə "Unikal"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər havanın arabir tutulacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında havanın sabah əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-35° isti, dağlarda gecə 10-14° isti, gündüz 15-20° isti olacaq.