Ötən ilin martın 28-də Milli Məclisinin deputatı Fazil Mustafaya qarşı yaşadığı evin qarşısında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törətməkdə təqsirli bilinən Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində cinayət işində olan sənədlər tədqiq edilib. 

Həmçinin təqsirləndirilən şəxslərin barəsində keçirilmiş ekspertiza rəyləri açıqlanıb. Rəylərdən məlum olub ki, təqsirləndirilən şəxslərin heç birində psixi pozuntular aşkar edilməyib. Daha sonra cinayət işində olan Fazil Mustafanın kütləvi informasiya vasitələrinə verdiyi videomüsahibələri göstərilib.

Bundan sonra hakim Elnur Nuriyev məhkəmə istintaqını yekunlaşdırılması barədə tərəflərin fikirlərini soruşub. Təqsirləndirilən şəxslər məhkəmə istintaqının tamamlanmasına etiraz etməyiblər. 

Tərəflərin fikirlərini öyrəndikdən sonra hakim heyəti məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul edib.

Növbəti proses iyunun 13-də davam edəcək.

Qeyd edək ki, hadisə ötən ilin martın 28-də baş verib. Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanılıb.

Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Emin Əliyarov, Rəşad Əhmədov, Azər Sərucanov, Elşad Əsgərov, Səbuhi Şirinovun barəsində ittiham elan edilib.

Azər İsrafilov