Azərbaycanda ipəkçiliyin inkişaf etdirilməsi üçün böyük potensialın mövcud olduğunu nəzərə alaraq,  Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər ərzində ölkəmizdə baramaçılığın inkişafı istiqamətində ciddi addımlar atılıb, mühüm qərarlar qəbul olunub, bu sahəyə dövlət dəstəyi gücləndirilib.

“Unikal” xəbər verir ki, Ağstafa rayonunda da barama istehsalı ilə bağlı əhalinin məşğulluğunu artırmaq və sosial rifahını daha da yaxşılaşdırmaq məqsədilə hər il olduğu kimi, bu il də ağstafalı kümçülərə məhsuldar ipəkqurdu cinsləri paylanılıb. Ağstafa RİH başçısı Seymur Orucov rayonun məsul şəxsləri ilə birlikdə Aşağı Göycəli kəndində barama saxlama məntəqəsində mövcud şəraitə diqqət yetirib, rayonda barama istehsalına dair kümçülərlə söhbət aparıb, onları maraqlandıran məsələləri öyrənib. Qeyd olunub ki, barama istehsalı ilə məşğul olan şəxslərə emal müəssisələrinə təhvil verdikləri baramanın hər kiloqramına görə dövlətimiz tərəfindən subsidiyanın verilməsi bu sahəyə marağı artırıb. Ağstafada fəaliyyət göstərən kümxanalar müvafiq tədbirlər planına uyğun olaraq mövsümün əvvəlindən aqrozootexniki tələblərə uyğun hazırlanıb, ipəkqurduların düzgün bəslənməsi, xəstəliklərin qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər görülüb. Təlimata uyğun olaraq kümxanalarda xəstəlik və zərərvericilərə qarşı qabaqlayıcı dezinfeksiya işləri aparılıb.

Bununla yanaşı, rayonlarda fəaliyyət göstərən barama istehsalçılarının siyahısı, onlara məxsus kümxanaların vəziyyəti barədə məlumatlar toplanılaraq təhlil edilib və müvafiq tədbirlər planı hazırlanıb. Tədbirlər planına uyğun olaraq mövsümün əvvəlindən kümxanaların aqrozootexniki tələblərə uyğun hazırlanması, ipəkqurduların düzgün bəslənməsi, xəstəliklərin qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə nazirliyin mütəxəssisləri tərəfindən bütün baramaçılıq rayonlarının məhsul istehsalçıları üçün maarifləndirici təlimlər keçirilib, kümxanalarda xəstəlik və zərərvericilərə qarşı qabaqlayıcı dezinfeksiya işləri aparılıb və kümçülərə yerində məsləhətlər verilib.