“Azərpoçt” ötən illərdə olduğu kimi, bu il də rəqəmsal həllərə yönəlik innovativ xidmətlər təklif etməkdə davam edir.

"Unikal" xəbər verir ki, “MilliKart” MMC tərəfindən təqdim olunmuş platforma üzərindən “Azərpoçt”un kart sahibləri ödəniş kartlarını “Google Wallet”ə əlavə etməklə ödənişlərini təmassız şəkildə həyata keçirə bilərlər. Bununla da istifadəçilərin kartları özləri ilə daşımasına ehtiyac qalmır.

Qeyd edək ki, “Google Pay” elektron ödəmə sistemi olub, ödənişləri təmassız və sürətli şəkildə həyata keçirməyə imkan verən xidmətdir.

Müştərilər bu xidmətdən müxtəlif ticarət və iaşə obyektlərində mobil telefonlarını post-terminala yaxınlaşdıraraq ödənişlərini saniyələr içində edə bilərlər. Əlavə olaraq,  “Google Pay” onlayn alış-veriş üçün də çox rahat ödəniş vasitəsidir.

Kartların təhlükəsiz şəkildə “Google Wallet”də saxlanılması, həmçinin həmin tətbiq vasitəsilə xərclərə nəzarət etmək imkanının olması da xidmətin əlçatanlığını təmin edir.

Onu da qeyd edək ki, müasir texnologiyanın tətbiqi “Azərpoçt”da biznes proseslərini asanlaşdırmağa, informasiyanın ötürülmə sürətini artırmağa xidmət göstərir.