Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı Odlar Yurdu Universitetində 15 İyun - Milli Qurtuluş Günü münasibətilə “Qurtuluşdan Bütöv Azərbaycana” adlı tədbir keçirib.

"Unikal" xəbər verir ki, əvvəlcə universitetin foyesində Ulu Öndər Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyulub, Ümummilli Liderin xatirəsi anılıb.

Daha sonra tədbir iştirakçıları tələbələrin əl işlərindən ibarət sərgiyə baxıblar.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra xalqımızın taleyində və tarixində silinməz izlər qoymuş Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışını zəruri edən tarixi faktları özündə əks etdirən qısametrajlı film nümayiş olunub.

Tədbirdə çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assossasiyasının və Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev Milli Qurtuluş Gününün Azərbaycanın müasir tarixində və inkişafında olan rolundan geniş bəhs ediblər. Qeyd olunub ki, Azərbaycanın çağdaş tarixi Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayında hakimiyyətə gəlməsi ilə bilavasitə əlaqədardır. Həmin dövrdə Azərbaycan böyük təhlükələrlə üzləşmiş, respublika parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Müstəqilliyin əvvəllərində Azərbaycanın anarxiya, parçalanmaq və məhv olmaq təhlükəsi, iqtisadi tənəzzül, beynəlxalq təcrid ilə üzləşdiyini diqqətə çatdıran natiqlər Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin bu bəlalardan xilas olaraq inkişaf yoluna qədəm qoyduğunu, respublikamızda mühüm siyasi və iqtisadi islahatların həyata keçirildiyini, neft strategiyasının reallaşdırıldığını, cəbhədə atəşkəsin əldə olunduğunu, nizami ordu quruculuğu prosesinə başlandığını, cəmiyyətin inkişafı üçün fundamental əsasların yaradıldığını bildiriblər. Vurğulanıb ki, Ulu Öndərin işləyib hazırladığı müasir və müstəqil dövlət quruculuğu konsepsiyası Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində və son antiterror əməliyyatları zamanı qazanılan Zəfərin bünövrəsində dayanaraq gələcək inkişafın, misli görünməmiş uğurların əsasını qoyub.

Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup şəxsə fəxri fərman, partiyaya yeni qəbul olunanlara isə üzvlük vəsiqələri təqdim olunub.

Tədbir konsert proqramı ilə davam edib.