Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin həlli ilə bağlı göstərişinə uyğun olaraq paytaxtın Yasamal rayonunda sakinlər üçün mart ayı üzrə növbəti səyyar qəbul keçirilib.

"Unikal" xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun sakinlərlə görüşü rayondakı 1 nömrəli Bakı Tibb Kollecinin akt zalında baş tutub.

Tədbirdə həmçinin Yasamal RİH-in vəzifəli şəxsləri, Bələdiyyə, MKTB və xidmət sahələrinin rəhbərləri də iştirak ediblər. 

Sakinləri salamlayan İcra Hakimiyyətinin başçısı Elşad Həsənov onlardan təklif və müraciətləri bərədə ətraflı danışmağı xahiş edib. Öncə söz alan Yasamal rayonunun sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə vətəndaşların hakimiyyət orqanları tərəfindən mütəmadi qəbuluna dair tapşırığına görə dərin minnətdarlığını ifadə  ediblər. Daha sonra Yasamal rayonunun sakinləri yerli yolların asfaltlanması, qəzalı binalar, su axıntısı, mənzillə təminat, pasport qeydiyyatı, sosial yardım və müxtəlif məsələləri əhatə edən digər mövzular qaldırıblar. 

İcra başçısı Elşad Həsənov qəbul zamanı müraciət edən rayon sakinlərini dinləyərək onların problemlərinin aradan qaldırılmasına dair RİH əməkdaşlarına bir sıra konkret göstərişlər verib. İcra başçısı həmçinin sakinləri maraqlandıran suallara ətraflı cavab və izahatlar verib. Qəbul zamanı bəzi məsələlər yerindəcə həll edilib, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürülüb.