Şirvan şəhər Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib. Konfransda Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Millət vəkili İltizam Yusifov, Şirvan şəhər Ağsaqqallar Şurasının sədri Fəxrəddin Rəhimov, şəhər Ağsaqqallar Şurasının üzvləri və ziyalılar iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzi meydanında ucalan Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.

"Unikal" xəbər verir ki, tədbirdə öncə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanovu və tədbir iştirakçılarını salamlayaraq, qarşıdan gələn müqəddəs Qurban bayramı və Milli Qurtuluş Günü münasibətilə təbrik edib. Ümummilli Lider Heydər Əliyev tərəfindən ağsaqqallara, ziyalılara verilən yüksək dəyərdən bəhs edərək, vurğulayıb ki, Ulu Öndərimiz tərəfindən əsası qoyulmuş ağsaqqallara dövlətin diqqət və qayğı siyasəti hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənc nəslin maarifləndirilməsində, onların milli-mənəvi dəyərlərimizə hörmət, dövlətə, xalqa sədaqət ruhunda yetişdirilməsində ağsaqqallara hər zaman böyük ehtiyacın olduğunu bildirərək, qeyd edib ki, Şirvan şəhər ağsaqqallarının ictimai-siyasi fəallığının təmin edilməsi üçün hər cür şərait yaradılıb. İlqar Abbasov şəhər ağsaqqallarının fəaliyyətini yüksək qiymətləndirərək, onlara gələcək işlərində uğurlar arzulayıb. Sonra Şirvan şəhər Ağsaqqallar Şurasının sədri Fəxrəddin Rəhimovun yerli təşkilatın hesabat dövrü ərzindəki fəaliyyəti barədə məruzəsi dinlənilib. Vurğulayıb ki, təşkilatın üzvləri şəhərin ictimai-siyasi və mədəni həyatında yaxından iştirak edərək, sakinlər arasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin təbliğ edilməsində, gənclərimizin vətənpərvərlik ruhunda maarifləndirilməsində, həmçinin şəhid ailələri və qazilərlə görüşlərin keçirilməsində, onlara maddi və mənəvi dəstəyin göstərilməsində əllərindən gələni əsirgəmirlər. 

Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov Azərbaycan xalqının Ümummilli Lideri, müasir tariximizin qurucusu Heydər Əliyevin vətənimiz qarşısında böyük xidmətlərindən ətraflı bəhs edərək, Ulu Öndərin layiqli davamçısı, dövlət başçısı cənab İlham Əliyevin  uğurlu prezidentlik fəaliyyətindən, onun rəhbərliyi ilə ölkəmizin qazandığı misilsiz nailiyyətlərdən  söz açıb. Vurğulayıb ki, Ata vəsiyyətini yerinə yetirərək işğal altındakı torpaqlarımızı işğaldan azad edən, xalqımıza böyük Qələbə sevincini yaşadan Müzəffər Ali Baş Komandanımız üçrəngli bayrağımızı Qarabağda və işğaldan azad edilmiş bütün torpaqlarımızda dalğalandırıb. Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda böyük bərpa-quruculuq işləri həyata keçirilir və artıq “Böyük Qayıdış” proqramı çərçivəsində məcburi köçkünlərimiz öz ata-baba yurdlarına qayıdırlar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ağsaqqallara göstərdiyi böyük diqqət və qayğıdan da danışan Əhliman Əmiraslanov qeyd edib ki, hazırda  35 mindən çox üzvü olan Azərbaycan Ağsaqqallar Şurası qarşısına qoyduğu vəzifələrin öhdəsindən layiqincə gələrək, fəaliyyətini daha geniş və effektiv şəkildə davam etdirir. Ağsaqqalların hər zaman ölkəmizin ictimai-siyasi və mədəni həyatında aktiv fəaliyyət göstərdiklərini vurğulayıb.

Konfransda çıxış edən Millət vəkili İltizam Yusifov, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecin direktoru Barxudar Barxudarov, 2 nömrəli tam orta məktəbin direktoru Əminə Əliyeva, şəhər ağsaqqalları Adəm Hüseynov, İsrafil İsmayılov və Vasif Əlizadə şəhər Ağsaqqallar Şurası tərəfindən görülən işlərdən və qarşıda duran vəzifələrdən söz açıblar. Qeyd edilib ki, cəmiyyətimizdə yüksək nüfuza malik olan ağsaqqallarımızın bilik və təcrübəsindən hərtərəfli və səmərəli şəkildə istifadə olunmalıdır.

Daha sonra konfransın gündəliyində olan məsələlər müzakirə edilib.