Ümumi təhsil müəssisələri ödənişli əsaslarla dərnəklər, maraq kursları, sərgilər təşkil edəcək.

"Unikal" xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi “Dövlət və bələdiyyə tərəfindən yaradılan ümumi təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə əksini tapıb.

Nizamnaməyə əsasən, öz vəzifələrini yerinə yetirmək üçün ümumi təhsil müəssisəsi “Ümumi təhsil haqqında” və “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququna malik olacaq.

Eyni zamanda qərara əsasən, Ümumi təhsil müəssisəsi “Təhsil haqqında”, “Ümumi təhsili haqqında” və “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş mənbələrdən maliyyələşdirilir. Bu mənbələrdən, həmçinin sahibkarlıq fəaliyyətindən əldə olunan vəsait və digər əmlak dövlət tərəfindən yaradılan ümumi təhsil müəssisəsinə büdcədən ayrılan vəsaitin məbləğinə təsir göstərmir. Dövlət tərəfindən yaradılan ümumi təhsil müəssisəsi bilavasitə mənfəət əldə etmək məqsədi güdmür. Ümumi təhsil müəssisəsi “Təhsil müəssisəsinin əlavə gəlir əldə etmək məqsədi ilə məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 19 yanvar tarixli 10 nömrəli Qərarında göstərilmiş sahibkarlıq fəaliyyəti növləri və innovasiya fəaliyyəti ilə məşğul ola bilər. Bu fəaliyyəti təmin etmək üçün təhsil müəssisəsinin nəzdində müvafiq təcrübə-istehsalat sahələri yaradıla, əlavə məşğələlər keçirilə, ödənişli əsaslarla dərnəklər, maraq kursları, sərgilər və s. təşkil oluna bilər.

Dövlət və bələdiyyə tərəfindən yaradılan ümumi təhsil müəssisəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi normativlərə uyğun olaraq tabe olduğu dövlət orqanı (qurumu) və bələdiyyə tərəfindən maliyyələşdirilir. Dövlət tərəfindən yaradılan ümumi təhsil müəssisəsinin bu
Nümunəvi Nizamnamədə qeyd olunan mənbələrdən (büdcə vəsaiti istisna olmaqla) daxil olan vəsait hesabına əldə etdiyi əmlak qanunvericiliyə uyğun olaraq onun mülkiyyətinə daxil edilir. Ümumi təhsil müəssisəsinin fəaliyyətindən əldə etdiyi vəsait yalnız təhsilin inkişafına, müəssisənin maddi-texniki bazasının inkişafına, təhsilalanların və təhsilverənlərin sosial müdafiəsinə yönəldilir.

Dövlət orqanının tabeliyində olan ümumi təhsil müəssisəsi işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə edilən, o cümlədən tutulan xidmət haqlarından daxil olan vəsaiti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 257 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının strukturuna daxil olmayan tabeliyindəki qurumlar tərəfindən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə edilən vəsaitdən (o cümlədən tutulan xidmət haqlarından) istifadə Qaydası”na uyğun olaraq xərcləyir. Dövlət adından yaradılan publik hüquqi şəxsin tabeliyində olan ümumi təhsil müəssisəsi büdcədənkənar mənbələrdən əldə olunan vəsaitin xərclənməsi istiqamətlərini sərbəst (bu Nümunəvi Nizamnamə nəzərə alınmaqla) müəyyən edir, təhsilverənlərə və təhsilalanlara maddi yardım göstərir. Dövlət tərəfindən yaradılan ümumi təhsil müəssisələrində dövlət hesabına göstərilən xidmətlərin dəyəri Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi maliyyə normativləri ilə
müəyyən edilir.

Ümumi təhsil müəssisəsinin ödənişli təhsil xidmətlərinin və bu Nümunəvi Nizamnamədə nəzərdə tutulmuş fəaliyyətlə bağlı müvafiq məhsullarının (malların, işlərin, xidmətlərin) qiymətləri tənzimlənən qiymətlərə aid deyil.