"Vətən müharibəsindən əvvəl müəyyən mənbələrdə Ermənistanın Azərbaycana vurduğu zərərin məbləği 820 milyard dollar kimi göstərilirdi. Qeyd edəcəyim faktları nəzərə alsaq, bu işğalın Azərbaycan iqtisadiyyatına mənfi təsirinin bir trliyon dolları keçdiyini deyə bilərik. Bu işğal olmasaydı, Azərbaycan iqtisadiyyatı tam başqa göstəricilərə sahib ola bilərdi".
"Unikal" xəbər verir ki, bunu iqtisadçı-ekspert Eldəniz Əmirov deyib. O xatırladıb ki, işğal dövründə 900 yaşayış məntəqəsi, 6000-dən çox sənaye və kənd təsərrüfatı binası, 695 tibb müəssəsi, 693 məktəb, 7000 müxtəlif təyinatlı ictimai binalar, 927 kitabxana, 855 uşaq bağçası dağıdılıb.
"3000 km-ə kimi kommunikasiya xətləri, 15 000 km elektrik xətləri, 3000 km-ə kimi avtomobil yolları yerlə yeksan edilib. Qızıl və digər faydalı qazıntı yataqlarını vəhşicəsinə istismar ediblər. Kənd təsərrüfatı torpaqları qeyri-standart şəkildə istismar olunub. Meşə örtükləri məhv edilib, ekoloji terrora məruz qalıb. Həmçinin, Azərbaycan 30 il ərzində erməni işğalı səbəbindən böyük imkanları qaçırıb. 30 il bu torpaqlarda iqtisadi fəaliyyətlə məşğul olmadıq. Azərbaycanın 20 faiz ərazisindən ölkə iqtisadiyyatına bir qəpik vəsait daxil olmadı. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin saxlanmasına uzun illər vəsait ayrıldı. Qaçqınların və məcburi köçkünlərin sosial rifahı üçün xərclənən vəsaitlər, eləcə də, onların mənzil şəraitinin yaxşılaşdırılmasına, təhsil xərclərinin qarşılanmasına və digər sosial təminat məsələlərinə ciddi həcmdə pullar xərcləndi. Bu da hamısı deyil. Ermənistanın bizə etdiyi düşmənçilik və məkrli siyasətə görə Azərbaycan məcbur olub öz silahlanmasına böyük məbləğdə pul vəsaiti xərclədi.
Eyni zamanda strateji tərəfdaşlıq üçün iqtisadi münasibətlərdə bir çox ölkələrə güzəştə getdik. Hansı ki, Ermənistan faktoru olmasaydı, biz daha yaxşı şərtlər altında neft-qaz ticarətini apara və daha çox gəlir əldə edərdik. Torpaqlarımızı insan kapitalı və maliyyə resursları sayəsində azad etdik. Xərclənmiş vəsaitin kəmiyyət göstəriciləri ölçüyə gəlməzdi. Bu gün torpaqlarımız azad edilsə də, qarşıda işğaldan azad etdiyimiz ərazilərdə həyatın bərpa edilməsi üçün uzun illər və 100 milyardlarla vəsait lazım gələcək. Bütün bunları nəzərə alaraq qətiyyətlə deyə bilərik ki, Azərbaycan 30 il torpağı işğalda olan olan ölkə olmasaydı, bu gün tamamilə fərqli bir iqtisadi göstəricilərə və sosial rifah parametlərinə sahib olardı".