Bu gün Azərbaycan ilə Rusiya arasında münasibətlər ən yüksək səviyyədədir. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə son onilliklər ərzində ikitərəfli əlaqələrin möhkəmləndirilməsi istiqamətində aparılan ardıcıl işin məntiqi nəticəsidir.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən Rusiya-Azərbaycan Ekspert Şurasının “Rusiya və Azərbaycanın regional layihələr və təşəbbüslər çərçivəsində əməkdaşlığı” mövzusunda beşinci iclasında bildirib.
Onun sözlərinə görə, hazırda ölkələrimiz arasında iqtisadi, mədəni, humanitar və digər sahələrdə əlaqələrin möhkəmləndirilməsi və inkişafı tendensiyası müşahidə olunur.
Hikmət Hacıyev bildirib: “Regionlararası əməkdaşlıq genişlənir. Azərbaycan Rusiya Federasiyasının 70-dən çox subyekti ilə əlaqələr saxlayır, Rusiyanın regionlarının azərbaycanlı tərəfdaşları ilə iqtisadi-ticari, elmi-texniki, mədəni əlaqələr üzrə 10-dan artıq sazişi həyata keçirilir. Əlbəttə, yuxarıda sadalananların hamısı Prezident İlham Əliyev ilə Prezident Vladimir Putin arasında şəxsi etimada əsaslanan münasibətlər və yüksək qarşılıqlı anlaşma səviyyəsi sayəsində mümkün olub”.