"Dövlət qulluqçularının orta aylıq əməkhaqqısı ötən il əvvəlki ilə nisbətən 8,3 faiz artaraq 1933 manata çatıb. Bu haqda Dövlət Statistika Komitəsi məlumat yayıb. Bununla belə, ötən il ölkə üzrə orta aylıq nominal əmək haqqı 11,2 faiz yüksəlib".
"Unikal" xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, statistik müqayisə göstərir ki, dövlət qulluqçularının maaşlarındakı artım ölkə üzrə orta aylıq əməkhaqqı artımından aşağı olub:
"Yəni, Azərbaycanda əmək müqaviləsi ilə çalışanların orta maaşları dövlət qulluqçularının əməkhaqqları ilə müqayisədə 2.9 faiz bənd daha çox yüksəlib. Dövlət qulluqçularının maaşlarındakı artımın ölkə üzrə orta aylıq artım səviyyəsindən geri qalmasının səbəbləri nədir? Rəsmi statistikaya görə, ötən il 1 milyon 741 min nəfər əmək müqaviləsi ilə çalışıb. Onlardan 899 min nəfər dövlət sektorunda, 842 min nəfəri isə özəl sahədə fəaliyyət göstərib. Digər tərəfdən, özəl sektorda çalışanların sayı isə ötən il 12,1 min nəfər artıb. Yəni, artıq özəl sektorda çalışanların sayı dövlət sektorunda muzdla işləyənlərin sayına çatmaqdadır. Özəl müqavilələrin sayının artması ölkə üzrə müqayisəli şəkildə daha yüksək maaş artımına səbəb olub.
Digər tərəfdən, gizli məşğulluğun leqallaşdırılması da əmək haqqı fərqlərinə təsir göstərib. Son 5 ildə özəl sektorda əmək müqavilələrinin sayının artması məşğulluğun ağardılması ilə birbaşa bağlıdır. Bu sahədəki islahatlar ölkə üzrə ümumi rəsmi əməkhaqqı fondunu artırıb. Nəticədə, ölkə üzrə nominal əməkhaqqı dövlət qulluqçularının maaşlarına nisbətən daha çox artıb".