Azərbaycanın daha iki güləşçisi Serbiyanın Novi Sad şəhərində keçirilən 17 yaşlıların Avropa çempionatında finala yüksəlib.
Azərbaycan Güləş Federasiyasından "Unikal"a verilən məlumata görə, altıncı yarış günündə 45, 51, 60, 71 və 92 kiloqramda yer alan sərbəst güləşçilər xalçaya çıxıblar.
Mübarizəyə 1/4 finaldan qoşulan Fəqan Fətiyev (45 kiloqram) türkiyəli Buğra Kavaka 1:5 hesabıyla məğlub olub. Rəqib finala yüksəldiyi üçün Fəqan sabah təsəlliverici görüşdə bolqarıstanlı Kamen İvanovla qarşılaşacaq.
Muhamməd İsmayılov (51 kiloqram) ukraynalı Roman Şevçenkoya (11:0), belaruslu Qleb Piatrova (6:2) və gürcüstanlı Mate Tsinadzeyə (3:0) qalib gələrək finala yüksəlib. Muhamməd qızıl medal uğrunda rusiyalı Ralan Şoqenovla mübarizə aparacaq.
Hüseyn İsmayılov (60 kiloqram) britaniyalı Danuş Jovkar (3:2), fransalı Alixan Kaxriyev (5:0) və türkiyəli Bilal İnce (3:0) üzərində qələbə qazanaraq adını finala yazdırıb. Hüseyn həlledici görüşdə rusiyalı İbrahimqadji Maqomedovla güləşəcək.
Qəzənfər Kazımlı (71 kiloqram) ermənistanlı Narek Hovannisyanla (14:1) italiyalı Qabriele Pavona (13:2) tam üstünlüklə qalib gəlsə də, 1/4 finalda moldovalı Katalin Spinuya 0:11 hesabı ilə məğlub olub. Rəqib finala yüksəldiyi üçün Qəzənfər sabah təsəlliverici görüşdə Deklan Blih (İrlandiya) – David Kodakov (İspaniya) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.
Fərhad Süleymanlı (92 kiloqram) polşalı David Rutkovskiyə (10:0) tam üstünlüklə qalib gəlsə də, 1/4 finalda yunanıstanlı Nikolaos Karavanosa 4:6 hesabıyla məğlub olub. Rəqib finala yüksəldiyi üçün Fərhad sabah təsəlliverici görüşdə macarıstanlı Yussef Solimanla qarşılaşacaq.