İstənilən ölkədə mədəni irsin mühüm hissəsini arxeoloji irs təşkil edir. Arxeoloji abidələr xalqların keçmişinin öyrənilməsində, həm də dünyaya tanıdılmasında əvəzolunmaz dəyərə malikdir. Azərbaycanın, xüsusilə də qədim tarixə sahib Qarabağ bölgəsinin arxeoloji abidələri unikal dəyərə malik olmaqla, həm də dünya mədəni irsinin ayrılmaz tərkib hissəsidir. Aran və dağlıq hissələrdən ibarət olan Qarabağın bütün ərazisi tarixin müxtəlif dövrlərinə aid arxeoloji abidələrlə zəngindir. Bu abidələr hələ 19-cu əsrdən tədqiqatçıların diqqətini çəkib. 

Qarabağın arxeoloji abidələri haqqında ilk dəfə İmperator Rusiya Coğrafiya Cəmiyyətinin üzvü S.Veyssenqof məlumat verib. Bu zonada arxeoloji qazıntıların aparılmasında Şuşa Real Məktəbində alman dili müəllimi işləyən alman əsilli Emil Reslerin də böyük rolu olub. O, 1891-98-ci illərdə Qarabağda (Şuşa və ətrafı, Daşaltı, Çanaxçı, Mehtikənd, Qarabulaq və s.) ilk tunc dövrünə aid çoxlu qəbir abidələrini aşkarlayıb və tədqiq edib. 
Amma Qarabağın arxeoloji abidələrinin öyrənilməsində əsas dönüş 1926-cı ilə təsadüf edir. Həmin dövrdə akademik İvan Meşaninovun başçılığı və azərbaycanlı alimlərin iştirakı ilə xüsusi arxeoloji ekspedisiya təşkil edilib. Məhz bu ekspedisiyanın əməyi sayəsində Qarabağın Xocalı ərazisində tunc və dəmir dövrlərinə aid nekropol, kurqan və daş hörgülü qəbir abidələri aşkarlanıb. 

Azıx mağarası – Qafqazda ən qədim insan məskəni 

Tarixi mənbələrə əsasən, Qarabağ bölgəsində arxeoloji qazıntılar zaman-zaman davam edib. Qazıntılar nəticəsində təkcə Azərbaycanda deyil, bütün Avrasiya ərazisində ən qədin insan məskənlərinin məhz Qarabağ bölgəsində olduğu üzə çıxıb. Söhbət bütün dünyanın diqqətini cəlb edən Azıx və Tağlar mağaralarından gedir. 

Azıx mağarası Qarabağın Füzuli şəhəri yaxınlığında yerləşir. Mağaranı 1960-cı ildə arxeoloq-alim Məmmədəli Hüseynovun rəhbərliyi ilə AMEA-nın “Paleolit Arxeoloji Ekspedisiyası” aşkar edib. Aparılmış tədqiqat işləri zamanı on mədəni təbəqə tapılıb. Mağarada Quruçay, Aşel və Mustye mədəniyyətləri dövründə yaşayış olduğu müəyyən edilib. Sahəsi 800 kvadrat kilometr olan düşərgə Qafqazda indiyədək aşkar edilən mağaralardan ən böyüyü kimi də tarixə düşüb.

350–400 min il yaşlı ibtidai insana məxsus çənə sümüyü 

Məmmədəli Hüseynovun illərlə Azıx mağarasında apardığı qazıntılar nəticəsində 1968-ci ildə bir neçə daş məmulatı ilə birlikdə Neandertal tipə aid insanın alt çənə sümüyü tapılıb. Azıx adamının 350–400 min il əvvəl yaşadığı güman olunur. 

Daş dövrünə aid bu çənə sümüyü dünyanın da marağına səbəb olub. Müxtəlif ölkələrin arxeoloq, paleontoloq, paleoantropoloq və digər mütəxəssisləri Bakıya gələrək, Azıx düşərgəsindən tapılmış maddi mədəniyyət qalıqları ilə yaxından tanış olublar.

Mütəxəssislərin sözlərinə görə, Azıx mağarasından tapılmış çənə sümüyü qədimliyinə görə dünyada dördüncü yerdədir. Ondan əvvəlki dövrlərə aid edilən bu növ arxeoloji tapıntılar Tanzaniyada, Keniyada və Fransada aşkar edilib. Tarixçilərin fikrincə, bu fakt kifayətdir ki, dünyanın ən qədim sakinlərinin məskunlaşdığı ərazilər arasında Azərbaycanın mühüm yer tutduğu sübuta yetirilsin.

Paleolit dövrünə aid Tağlar mağarası

Dünya arxeoloqlarının diqqətini çəkən digər qədim yaşayış məskəni olan Tağlar mağarası isə Xocavənd rayonunun Böyük Tağlar kəndinin yaxınlığında yerləşir. Bu mağara ilk dəfə 1963-cü ildə yenə də arxeoloq-alim M. Hüseynovun rəhbərlik etdiyi ekspedisiya tərəfindən aşkar edilib.

Tarixçilərin fikrincə, Tağlar paleolit düşərgəsi Qafqaz və Yaxın Şərq ərazisində yeganə abidədir ki, burada əmək alətlərinin inkişaf tarixini tədqiq etmək mümkündür. 1963-1986-cı illərdə mağarada aparılan arxeoloji qazıntılar zamanı 8 mindən artıq daş məmulatı və 600 mindən çox ovlanmış heyvan sümükləri tapılıb. Düşərgədə 6 mədəni təbəqə qeydə alınıb. Burada qədim insanların ilk dəfə 120 min il bundan əvvəl məskunlaşdıqları ehtimal olunur.
1980-ci illərdə Qarabağın digər əhəmiyyətli abidələri - Tağlar, Zar, Şuşa düşərgələri də tədqiq olunmağa başlayıb. Qarabağın Eneolit-Tunc dövrü, antik və ilk orta əsrlər, xüsusilə ilkin xristianlıq dövrü, antik-orta əsrlər dövrü (Paytakaran, Qara təpə, Örənqala-Beyləqan) abidələrinin sistemli tədqiqatları aparılıb. Həmçinin,  Tərtərçay hövzəsində (Borsunlu, Bəyimsarov nekropolu, Toxmaxtəpə, Göytəpə, Üçoğlan, Namazalı təpə və s. yaşayış yerləri, çoxsaylı kurqanlar qrupu və s.), Xocalı nekropolunda, Qarqarçay-Xaçınçay hövzəsində (Sarıçoban nekropolu, Maqsudlu, Paprəvənd, Boyəhmədli, Kəngərli, Pirili və s. kurqanlar qrupu, Qaratəpə, Misir Qışlağı və s. yaşayış yerləri) aparılıb.

Hər iki mağara UNESCO-nun ilkin siyahısında

2001-ci ildən başlayaraq Azərbaycanda paleolit dövrünə aid elmi tədqiqat işləri beynəlxalq xarakter alıb. Bununla bağlı Azərbaycan, Rusiya, Fransa, İtaliya, İspaniya və Gürcüstan alimləri beynəlxalq “İNTAS-2000” proqramını hazırlayıb və paleolit düşərgələrindən tapılan qədim əşyalar araşdırılıb. 

Təsadüfi deyil ki, 2023-cü ildə Azıx və Tağlar mağaraları “Azərbaycanın tarixdən əvvəlki yerləri” nominasiyası üzrə UNESCO-nun Ümumdünya İrsinin ilkin Siyahısına daxil edilib. Ermənistan bu qədim mağaraların siyahıya daxil edilməsinə qarşı çıxsa da, onların UNESCO-da apardıqları kampaniya nəticəsiz qalıb.

Qarabağ və Şərqi Zəngəzurda məhv edilən abidələr bərpa olunur

Xatırladaq ki, Azərbaycanın 20 faiz torpağı, eləcə də Dağlıq Qarabağ 30 ildən çox Ermənistanın işğalı altında olub. AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun direktoru, dosent Fərhad Quliyevin sözlərinə görə, Qarabağın zəngin arxeoloji irsi işğal dövrünə qədər araşdırılsa da, işğal müddətində həmin ərazilərdəki arxeoloji abidələr haqqında dəqiq məlumat olmayıb: “İşğalçı tərəf əfsuslar olsun ki, insanları, binaları məhv etməklə yanaşı, həm də hədəf olaraq tarixi abidələri seçib. Qarabağın tarixi, dini və arxeoloji abidələri məhv edilib. 2020-ci ildə Azərbaycan dövləti öz torpaqlarını işğaldan azad etdikdən sonra Mədəniyyət Nazirliyi Dövlət Turizm Agentliyi ilə birgə abidələrin qeydiyyatını aparıb. “Qarabağ Arxeoloji Ekspedisiyası” yaradılıb və Qarabağ, eləcə də Şərqi Zəngəzurda arxeoloji qazıntılar gedir. Çox böyük işlər görülür. 30 il ərzində məhv edilən abidələr tədqiq və bərpa olunur”.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bir qrup şəxsin Ermənistan Respublikası tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində 2002-ci ildən etibarən gəlmələrinə, "Azıx mağarası"nda arxeoloji qazıntı işləri apararaq, tarixi, elmi və mədəni dəyəri olan əşyaları talamaları və digər qanunsuz hərəkətlərə yol vermələrinə şübhələr üçün əsaslar müəyyən edildiyindən onlar cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbiri seçilməklə beynəlxalq və dövlətlərarası axtarış elan olunub.

Pənahəli xanın sarayı interaktiv muzey kimi fəaliyyət göstərəcək

Erməni vandalizminə məruz qalan tarixi-memarlıq abidələrindən biri də Ağdam rayonunda Qarabağ xanlığının banisi Pənahəli xanın sarayıdır. İşğal altında olan ərazilərdəki digər abidələr kimi, “İmarət” tarix-memarlıq kompleksi də dağıdılıb. Prezident İlham Əliyevin tapşırığına əsasən hazırda kompleksdə bərpa işləri aparılır. Konsepsiyaya əsasən, kompleks Pənahəli xanın sarayı, türbələr və Qarabağ atları parkından ibarət olacaq, xanın sarayı bərpa edilərək interaktiv muzey kimi fəaliyyət göstərəcək.

Fərhad Quliyevin sözlərinə görə, ötən müddətdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə birgə yaratdıqları səyyar ekspedisiyalar Qarabağ və Ağdamın son 3 əsrlik tarixinin canlı yadigarı olan bu qədim məkanda geniş işlər görüb: “Saray və yanındakı tarixi qəbiristanlıq dağıdılmışdı. Ermənilər sanki məqsədli şəkildə qəbirlərdən qisas alıblar. Biz Qarabağ xanları ailəsinin tarixi ilə bağlı bir çox qiymətli faktları aşkara çıxardıq. Eyni zamanda, ərazidə xeyli elmi-bərpa işləri də aparılıb və hazırda davam etdirilir. İtaliyadan olan həmkarlarımızla birgə “İmarət” kompleksini ilkin görkəminə qaytarmağa çalışırıq. Qarabağ xanlığının tarixi keçmişini əks etdirən sarayı bərpa edirik, həm də burada arxeoloji qazıntılar aparıb, məhv olmuş qəbirlərin yerini müəyyən edirik. Ermənilər Qarabağ xanlarının türbələrini məhv ediblər. Türbələrdə yerləşən qəbirlərdən Xan ailəsinin üzvlərini ayırd etmək üçün DNK nümunələri götürülüb”. 

Fərhad Quliyev: “Qarabağda arxeoloji parklar yaradıla bilər”

F. Quliyev hazırda Qarabağın bir çox ərazisində arxeoloji qazıntıların aparıldığını bildirib. Qeyd edib ki, Qafqazda eradan əvvəl 2-ci minilliyə aid çox əlverişli yerdə yerləşən qədim yaşayış məskəni tədqiq edilir: “Ümumən hələlik 3 potensial abidə seçmişik. Biri kurqanlardır, çox maraqlı arxeoloji kompleksdir. Bu arxeoloji abidələr Azərbaycanın qədim tarixinin öyrənilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, 35 ildən sonra dünya əhəmiyyətli Azıx və Tağlar mağaralarında Yaponiyanın Tokio Universitetinin mütəxəssisləri ilə birlikdə tədqiqat işləri aparılır. Xocavənddə Çinarlı qədim yaşayış yeri, Ağdamda “Şahbulaq qalası” arxeoloji abidəsi, yer üzündən silinən Qarağacı qəbiristanlığı və digər yerlərdə də arxeoloji tədqiqatlar nəzərdə tutulub”. 

Fərhad Quliyev Azərbaycanda arxeoloji parkların yaradıla biləcəyini də bildirib. Onun sözlərinə görə, hazırda arxeoloji parkların ən optimal yeri Qarabağdır: “Layihəni Dövlət Turizm Agentliyinə təklif kimi vermişik, həmçinin Mədəniyyət Nazirliyi ilə sıx əməkdaşlıq edirik. Arxeoloji parklar layihəsi gələcəkdə abidələrimizin tanıdılması üçün maraqlı bir platformadır. Bu platformada hər sahədə mütəxəssislərin iştirakı ola bilər”. 

XİN: Ermənistan 700-dən çox tarixi abidəni məhv edib

Qeyd edək ki, Azərbaycan ərazilərinin 20 faizinin işğalı, eyni zamanda, işğal olunmuş ərazilərindəki mədəni irs üçün də fəlakətli fəsadlara səbəb olub. Xarici İşlər Nazirliyinin məlumatına görə, Ermənistan tərəfindən 700-dən çox tarixi abidə, 22 muzey, o cümlədən 100 min muzey eksponatı, 927 kitabxana, 58 arxeoloji yaşayış yerləri, 26 qala və qala divarı, habelə digər mədəni irs abidələri mənimsənilib, məhv və talan edilib. 

Beləliklə, Qarabağda müxtəlif fasilələrlə 130 ildən artıq bir vaxtda aparılmış arxeoloji tədqiqatlar nəticəsində Ən Qədim Daş dövründən son orta əsrlərə qədər tarixi haqqında ətraflı məlumat əldə etməyə imkan verən yüzlərlə tədqiqatlar aparılıb. Azad Qarabağda yeni müstəvidə kompleks arxeoloji tədqiqatlar davam etdiriləcək.

Yazı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə yardımı ilə icra edilən “Qarabağın və Zəngəzurun zəngin mədəni irsinin beynəlxalq və yerli mediada təbliği” layihəsi çərçivəsində hazırlanıb. 
 Dünyanın ən qədim yaşayış məskənlərini cəmləşdirən Qarabağ - FOTOLAR