İyulun 1-də Lənkəran Rayon Ağsaqqallar Şurasının 2023-cü il ərzində gördüyü işlərin yekununa dair hesabat yığıncağı keçirilib.

"Unikal" xəbər verir ki, tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin Lənkəran şəhərinin mərkəzi meydanında ucaldılmış Heydər Əliyevin abidəsini ziyarət ediblər, önünə tər güllər düzüblər.

Hesabat yığncağı Dövlət Himninin səslənməsi ilə başlayıb. Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov çıxış edib. Taleh Qaraşov ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatında rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyac olduğunu diqqətə çatdırıb, Lənkəranda ağsaqqallara göstərilən böyük hörmət və izzət hissindən məmnun olduğunu bildirib.

Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədr müavini Abel Məhərrəmov da Lənkəranda ağsaqqalların rayon rəhbərliyi ilə sıx əməkdaşlığınından məmnunluğunu ifadə edib. Sədr müavini ölkəmizdə bütün sahələrdə həyata keçirilən inkişaf prosesi ilə bağlı ağsaqqallar tərəfindən əhali, xüsusilə gənclər arasında geniş maarifləndirmə işinin aparılmasının zəruriliyini diqqətə çatdırıb, rayonun ictimai-siyasi həyatında ağsaqqalların yaxından iştirak etməsinin vacibliyini vurğulayıb.

Hesabat yığıncağında Lənkəran Rayon Ağsaqqallar Şurasının sədri Eldar Hüseynov çıxış edib, 2023-cü il ərzində görülən işlər bsrədə geniş məlumat verib, sədrin hesabatı qənaətbəxş hesab olunub.