İyulun 2-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının Zığ yolu 4 ünvanı üzrə ərazi partiya təşkilatında növbəti görüş keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bu gün hər bir azərbaycanlının qürur duyduğu Zəfərlərimizdən, ölkəmizin qarşısında açılan yeni imkanlardan geniş bəhs edib. Ötən ilin sentyabrın 20-də suverenliyimizin tam bərpa olunması ilə Azərbaycanın yeni dövrə qədəm qoyduğunu önə çəkən Vüqar Rəhimzadə vurğulayıb ki, hər bir uğur böyük səylərin, qətiyyətin, ən əsası düzgün qurulan siyasətin nəticəsidir. Bugünkü Azərbaycanı müstəqilliyimizin bərpasının ilk illərinin Azərbaycanı ilə müqayisə etdikdə bunu təsdiqləmiş oluruq. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycanın bugünkü reallıqlarının əsasını qoydu. Müstəqilliyimizi daimi, əbədi edən Ulu Öndər Heydər Əliyevin 1993-2003-cü illərdə yaratdığı möhkəm təməl üzərində Azərbaycanı uğurla inkişaf etdirən, Zəfərdən Zəfərə aparan Prezident İlham Əliyev adını müstəqillik tariximizə torpaqlarımızın xilaskarı kimi yazdı. Ümummilli Lider Heydər Əliyev 2003-cü ildə xalqa tarixi müraciətində cənab İlham Əliyevə özü qədər inandığını və gələcəyinə böyük ümidlər bəslədiyini bildirdi. Son 20 ildən artıq dövrün reallıqları hər bir vədin  əməli işdə öz təsdiqini tapması fonunda göstərilən etimadın dogrulduğunu nümayiş etdirir.

Vüqar Rəhimzadə görüşün çox əlamətdar bir hadisəyə təsadüf etdiyini xüsusi qeyd edərək bildirib ki, dövlət başçısı İlham Əliyevin altıncı çağırış Milli Məclisin  buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi haqqında Sərəncamına uyğun olaraq sentyabrın 1-də ölkəmizdə növbədənkənar parlament seçkiləri keçiriləcək. Suverenliyimizin bərpasından sonra ölkəmizdə yeni dövrün çağırışlarına uyğun olaraq növbədənkənar prezident, onun ardınca parlament seçkilərinin keçirilməsi bir zərurətə çevrildi. Bu ilin 7 fevral tarixində müstəqillik tarixində ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə edən  növbədənkənar prezident seçkiləri keçirildi. Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi cənab İlham Əliyevin  seçkilərdə inamlı qələbəsi şanlı Zəfərlərimizin yaratdığı yeni reallıqlar əsasında müəyyənləşdirilən hədəflərin icrasını təmin edir. Azərbaycan hazırda davamlı uğurları ilə dünyanın diqqətindədir. Hər dövrün öz çağırışları vardır. Suverenliyimizin tam bərpası ilə yaranan reallıqlar parlamentdə də yenilikləri, təkmilləşməni zəruri edir. Azərbaycan hər zaman yeniliyə, təkmilləşməyə açıq ölkə kimi tanınır, nüfuz qazanır. Növbədənkənar seçkilərin keçirilməsi təşəbbüsü cəmiyyətimizin avanqard qüvvəsi olan Yeni Azərbaycan Partiyasına məxsusdur.

YAP Xətai rayon təşkilatının sədri partiyanın Azərbaycanın uğurlarında payından, yeni-yeni hədəflərə doğru inamla addımlamasından, dünənin, bu günün və gələcəyin partiyası olduğunu gördüyü işlərlə təsdiqləməsindən geniş bəhs edib.

Tədbirdə çıxış edən partiya üzvü Cəmaləddin Quliyev  bildirib ki, Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir müstəqil, qalib Azərbaycan, Onun yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası uğurla inkişaf edərək ən yüksək zirvələri fəth edir. Dünənimiz bugünümüz üçün, bugünümüz gələcəyimiz üçün  böyük stimuldur.

Sonda partiya sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqəsi təqdim edilib. Yeni partiya üzvlərindən Ülvi Abasquliyev, Ağacan Məmmədli və Ballı Paşayeva çıxış edərək güclü, qüdrətli, hər günü tariximizə uğur səhifəsi kimi yazılan Azərbaycanla qürur duyduqlarını qeyd ediblər.