02 iyul – Polis işçilərinin peşə bayramı günü münasibəti ilə Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində tədbir keçirilib. 

"Unikal" xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyəti Başçısı Süleyman Mikayılov, Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon Polis İdarəsinin rəis müavinləri və polis idarəsinin şəxsi heyəti iştirak ediblər. 

Tədbir iştirakçıları Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Ulu Öndərin abidəsi önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər. Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Süleyman Mikayılov 02 iyul – Polis işçilərinin peşə bayramı münasibətilə bütün polis işçilərini təbrik edib. 

Qaradağ İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Azərbaycan Polisinin cinayətkarlığa qarşı mübarizə aparmasından, ictimai təhlükəsizliyi təmin etmək kimi məsul vəzifənin öhdəsindən uğurla gələrək, fəaliyyətinin 106 ili ərzində uzun, tarixi və şərəfli bir yol keçdiyini vurğulayıb. Daxili İşlər orqanlarının müstəqil dövlətimizə uyğun formalaşmasında xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin müstəsna rolunun olduğunu qeyd edib. Bu gün Hörmətli Prezidentimiz İlham Əliyev də polis işçilərinə həmişə diqqət və qayğıkeşliklə yanaşmasından, polis əməkdaşlarının sosial problemlərinin həll edildiyindən, şəxsi heyətin məişət şəraiti əsaslı şəkildə yaxşılaşdırılması üçün atılan addımlardan danışmışdır.

Tədbirin sonunda Polis orqanlarında səmərəli fəaliyyətinə və Azərbaycan Polisi Günü münasibəti ilə Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları Rayon İcra Hakimiyyəti Başçı tərəfindən fəxri fərman və xatirə hədiyyələri ilə təltif ediliblər.