Ümummilli lider Heydər Əliyevin 1998-ci il 24 may tarixli 710 nömrəli Fərmanı ilə hər il iyulun 2-si ölkəmizdə “Polis Günü” kimi qeyd olunur. Bu münasibətlə Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Rayon Polis İdarəsində tədbir keçirilib. 

"Unikal" xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Rayon Polis İdarəsinin rəisi polis-polkovniki Əli İbrahimov, YAP Xəzər rayon Təşkilatının sədri Namik Əhmədov, şəhid atası Şakir Abdullayev, Rayon İcra Hakimiyyətinin və Polis idarənin əməkdaşları iştirak ediblər.  

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüb, dahi rəhbərin xatirəsini ehtiramla anıblar. 

Tədbiri giriş sözü ilə Xəzər Rayon Polis İdarəsinin rəisi Əli İbrahimov açaraq qəhrəmancasına həlak olmuş polislərin xatirəsini 1 dəqiqəlik sükutla yad edib. Onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə təşəkkürünü bildirmiş, Vətənə və vəzifə borcuna bundan sonra da sədaqətlə xidmət edəcəklərini, asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin və əmin-amanlığın qorunmasında əllərindən gələni edəcəklərini vurğulamışdır.  

Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov çıxış edərək, peşə bayramı münasibətilə polis işçilərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O, qeyd etmişdir ki, dövlətçiliyimizin qorunub möhkəmlənməsində, əmin-amanlığın təmin olunmasında, Ulu Öndər Heydər Əliyev ideyalarının həyata keçirilməsində Azərbaycan polisinin müstəsna xidmətləri vardır. E.Salahov onlara bu çətin və şərəfli yolda öz peşəsində daim ayıq-sayıq olmağı, xidməti vəzifələrini vicdan və məsuliyyətlə yerinə yetirmələrini arzulayıb.

Daha sonra çıxış edən YAP Xəzər rayon Təşkilatının N.Əhmədov və şəhid atası Ş.Abdullayev polis işçilərini əlamətdar gün münasibətilə təbrik etmiş, müstəqil dövlətçiliyimizin qorunmasında, ölkədə sabitliyin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə Azərbaycan polisinin müstəsna xidmətləri olduğunu bildirmişdir.

Sonda xidməti fəaliyyətində fərqlənən bir qrup polis işçisi rayon İcra Hakimiyyəti başçısının  “Fəxri Fərman”ları ilə təltif edilmişdir.