Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyində tikinti və infrastruktur layihələrinin ətraf mühitə təsirinin qiymətləndirilməsi üzrə növbəti ictimai dinləmə keçirilib.

"Unikal" xəbər verir ki, müstəqil ekspertlərin, dövlət qurumlarının, QHT və media nümayəndələrinin iştirak etdiyi ictimai dinləmədə Bakının Nəsimi rayonu, Mirəsədulla Mirqasımov küçəsi, 4 ünvanında "Invest M. Construction"  MMC tərəfindən inşa olunan yaşayış binasının tikintisinin ekologiyaya, yaşıllıqlara təsiri müzakirə edilib. Məlum olub ki, şirkət tərəfindən tikinti zamanı 200-dən çox ağac və kol qanunsuz olaraq götürülüb. Aparılan söküntü işləri nəticəsində ətraf mühitə 1 milyon manata yaxın ziyan dəyib. Qeyd edilib ki, şirkət həmin ərazidə qalan yaşıllıqları da götürmək istəyir.

Tədbirdə iştirak edən media nümayəndələri şirkət rəhbərlərinə yaşıllıqların icazəsiz götürülməsi ilə bağlı suallar ünvanlayıb, bunu ekoloji hüququn pozulması olduğunu vurğulayıblar. Həmçinin son zamanlar xüsusilə Bakıda həyata keçirilən layihələrin yaşıllıqların mühafizəsində çətinliklər yaratdığı təəssüflə qeyd edilib, Agentlik rəsmiləri bildirib ki, həm dövlət qurumları, həm də şirkətlərin təqdim etdiyi layihələrdə mövcud yaşıllıqlara toxunulmadan, ekoloji mahiyyət kəsb edən məsələlərə diqqət yetirilməsi çox vacibdir. Həmin şirkətlərin öhdəlikləri var ki, layihə çərçivəsində müəyyən yaşıllıq salınmasını, onlara qulluq edilməsini, mövcud yaşıllıqların landşaft elementi kimi saxlanılması və onların ətrafında daha da geniş spektrdə, müxtəlif növ ağacların əkilməsini təmin etsin.

Görüşdə həmçinin Nərimanov rayonu Vaqif prospekti, Ceyhun Hacıbəyli və Nəsib bəy Yusifbəyli küçələrinin kəsişməsində yeni parkın salınması və yeraltı keçidlə Dədə Qorqud parkı ilə birləşdirilməsi layihəsi, Həsən Əliyev küçəsindən Ziya Bunyadov küsəsinə paralel olaraq «Koroğlu» metro stansiyasına gədən yeni avtomobil yolunun, «Keşlə» bazarın yaxınlığında, Əliyar Əliyev küçəsində tikiləcək tunelin altına düşən yaşıllıqların və Heydər Əliyev prospekti, 167 ünvanında Azərbaycan Respublikası Mərkəzi Bankının yeni inzibati binasının sahəsinin ön giriş hissəsinə düşən yaşıllıqların köçürülməsi ilə bağlı müzakirələr aparılıb.

İctimai dinləmənin sonunda Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən tikinti şirkətlərinə rəmzi olaraq ağac tingləri hədiyyə edilib. Tikinti şirkətlərinə təbiətə dost münasibət bəsləmələri barədə çağırış edilib, "Yaşıl dünya naminə həmrəylik ili"ndə ətraf mühitə həssas yanaşmaq, ağacları kəsməmək, əksinə tinglər, fidanlar əkmək tövsiyə edilib.