2024-cü ilin II rübünün yekunlarına əsasən ASC “Xalq” Bankının aktivləri ötən ilin analoji dövrü ilə müqayisədə 7.8 % artaraq 3.095 mlrd manat, kredit portfelinin həcmi (digər maliyyə institutları daxil) 7.4 % artaraq 1.945 mlrd manat təşkil etmişdir. Qeyd olunan tarixə Bankın banklar və digər maliyyə institutları istisna olmaqla depozitlərinin həcmi 2.164 mlrd manat təşkil etmişdir ki, bu da 2023-cü ilin II rüb göstəriciləri ilə müqayisədə 5.4 % çoxdur.
"Unikal" xəbər verir ki, 2024-cü ilin II rübünün sonuna Bankın xalis mənfəəti 34.0 mln manat təşkil edib. Hesabat dövrünə Bankın cəmi kapitalı 479.1 mln manat təşkil edib.
2024-cü ilin II rübünün nəticələrinə əsasən, əsas maliyyə göstəriciləri: aktivlərinin, kredit portfelinin, banklar və digər maliyyə institutları istisna olmaqla, depozitlərin həcminə görə Xalq Bank Azərbaycanın ən böyük özəl banklarının üçlüyündə olan yerini qoruyub saxlayıb.
Qeyd edək ki, ölkənin aparıcı banklarından olan Xalq Bank 2024-2026-cı illər üçün müəyyənləşdirdiyi İnkişaf Strategiyasının icrasını davam etdirir. Növbəti 3 il ərzində Bank yüksək korporativ idarəetmə standartı tətbiq edən müştəri yönümlü, universal və texnoloji bank olmaqla bazarda sağlam və davamlı böyüməni hədəfləyir. Rəqəmsallaşmanın geniş tətbiqi, daxili nəzarət mühitinin inkişafı, data idarə edilməsinin effektiv infrastrukturu prioritet istiqamət kimi müəyyən edilib.
Bu il fəaliyyətinin 20 ilini qeyd edən Xalq Bank hazırda regionun ən dinamik inkişaf edən maliyyə qurumlarından biridir. Bank müxtəlif alternativ satış kanalları ilə yanaşı, ölkə üzrə 30 filialdan ibarət xidmət şəbəkəsi və peşəkar heyəti ilə müştərilərə müasir və rahat bankçılıq xidmətləri təklif edir.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.