"Azərbaycan Sənaye Bankı" 2024-cü ilin birinci yarımili üzrə maliyyə hesabatını açıqlayıb.
"Unikal" “APA-Economics”ə istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-iyun ayları ərzində "Azərbaycan Sənaye Bankı"nın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 45.6% artaraq 2 milyon 899 min manat təşkil edib. 2023-cü ilin müvafiq dövründə bank 1 milyon 978 min manat xalis mənfəət əldə etmişdi.
Hesabat dövründə bankın faiz gəlirləri 9.4% artaraq 17 milyon 489 min manat, faiz xərcləri isə 14.6% artaraq 9 milyon 92 min manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 7.4 milyon manata ( illik müqayisədə 46.5% çox ), qeyri-faiz xərcləri isə 12.5 milyon manata ( illik müqayisədə 19.5% çox) bərabər olub. Beləliklə bank bu dövrdə 3 milyon 246 min manat əməliyyat mənfəəti əldə edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 24.3% çoxdur.
Bu ilin altı ayı ərzində bank kiçilib. Belə ki, cari ilin iyulun 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 4.1% və 30.9 milyon manat azalaraq 718 milyon 338 min manata enib. Cari ilin ilk 6 ayında "Azərbaycan Sənaye Bankı"nın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 0.6% və ya 2 milyon manat artaraq 258.5 milyon manata bərabər olub.
Bu dövrdə "Azərbaycan Sənaye Bankı" cəmi öhdəlikləri 601 milyon 67 min manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 5.2% və ya 33.9 milyon manat azdır. Hesabat dövründə bankda fiziki və hüquqi şəxslərin depozit portfeli kəskin azalıb. Belə ki, cari ilin iyulun 1-nə bankda fiziki şəxslərin depozitləri 10.7 milyon manat azalaraq 299.4 milyon manat, hüquqi şəxslərin ( şirkətlərin) depozitləri isə 12.5 milyon manat azalaraq 136 milyon manat təşkil edib. Beləliklə bankın ümumi depozit portfeli cari ilin ilk 6 ayında 5% və ya 23.2 milyon manat azalaraq 435.4 milyon manat olub.
2024-cü il iyul ayının 1-nə "Azərbaycan Sənaye Bankı"nın cəmi kapitalı ilin əvvəlinə nisbətən 2.6% və ya 2.9 milyon manat artaraq 117 milyon 271 min manat təşkil edib.