Azərbaycan Prezidenti İlham Əliyev “Respublika Qan Bankı” publik hüquqi şəxsi yaradılması barədə Fərman imzalayıb.

"Unikal"ın məlumatına görə, dövlət başçısının imzaladığı sənədə əsasən, müəyyən edilib ki, Qan Bankı qan və qan komponentlərinə olan tələbatın ödənilməsi sahəsində fəaliyyət göstərən, qan və qan komponentlərinin tədarükünü, emalını, yoxlanılmasını, saxlanılmasını və bölüşdürülməsini təmin edən publik hüquqi şəxsdir.

Fərmanla Qan Bankının fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla beş üzvdən ibarət Müşahidə Şurası yaradılacaq, bankın fəaliyyətinə cari rəhbərliyi isə icraçı direktor həyata keçirəcək.

3. Qan Bankının təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

3.1. Azərbaycan Respublikasının Prezidentinə:

3.1.1. Qan Bankının yenidən təşkili və ləğv edilməsi;

3.1.2. Qan Bankının idarəetmə orqanlarının yaradılması;

3.2. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə:

3.2.1. bu Fərmanın 3.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi:

5.1. Qan Bankının nizamnaməsini iki ay müddətində təsdiq etsin;

5.2. Qan Bankının dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görsün;

5.3. Qan Bankı dövlət qeydiyyatına alındıqdan sonra onun strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiq etsin;

5.4. bu Fərmanın 2.1-ci bəndi nəzərə alınmaqla, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin nizamnaməsində, strukturunda və işçilərinin say həddində dəyişiklik edilməsi üçün zəruri tədbirlər görsün;

5.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Qan Bankı dövlət qeydiyyatına alındığı günədək Milli Hematologiya və Transfuziologiya Mərkəzinin qan xidməti sahəsində fəaliyyət göstərən struktur bölmələri fəaliyyətini həmin Mərkəzin tabeliyində davam etdirsinlər.