"Şerif"in gücünü və təcrübəsini bilirik. Onlar ilk oyunda uduzduqları üçün bura tam fərqli tərzdə gəliblər. İlk matçda da futbolçularımdan razı qaldım. Şükür ki, hazırkı durum da yaxşıdır".
"Unikal" xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində sabah doğma meydanda Moldovanın "Şerif" komandası ilə keçirəcəkləri oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.
O, ilk oyundan fərqli olaraq sabahkı görüşün daha gərgin keçəcəyini bildirib: "İlk matçda qalib gəlsək də, burada tam fərqli oyun olacaq. Hər şeyə hazır olmalıyıq. Oyunçularım bu görüşün məsuliyyətini dərk edirlər. Yeganə narahatçılıq futbolçuların mental hazırlığı idi, lakin bu da indiki durumda yaxşıdır. Ümid edirəm ki, mərhələni keçən tərəf biz olacağıq".
Baş məşqçi cütün 90 dəqiqədə həll olunmasının tərəfdarı olduğunu söyləyib: "Penaltilər seriyasını heç vaxt düşünməmişəm. Əsas vaxta hər şeyi həll etmək istəyirik. "Şerif" də bir həftə ərzində müəyyən planlar qurub".
R.Sadıqov azarkeş dəstəyinin də önəmli olduğunu deyib.
Qeyd edək ki, iyulun 18-də "Dalğa Arena"da keçiriləcək "Zirə"-"Şerif" matçı saat 20:00-da başlayacaq. İlk oyunda Bakı klubu 1:0 hesablı qələbə qazanıb. Bu cütün qalibi II təsnifat mərhələsində “Elfsborq” (İsveç)–“Pafos” (Kipr) görüşünün güclüsü ilə qarşılaşacaq.