ABŞ-ın sabiq Prezidenti Donald Trampa qarşı sui-qəsd cəhdi etmiş Tomas Metyu Kruksun Britaniya Kral ailəsinin üzvü haqqında da araşdırma apardığı məlum olub.
"Unikal" Britaniyanın “The Independent” nəşrinə istinadla xəbər verir ki, bu barədə ABŞ Federal Təhqiqatlar Bürosu (FBI) məlumat yayıb.
Bildirilib ki, 20 yaşlı T. Kruks internetdə Britaniya Kral ailəsinin adı açıqlanmayan bir üzvü haqqında da araşdırma aparıb. Onun araşdırdığı şəxslər arasında FBI-nin direktoru Kristofer Rey və ABŞ-ın baş prokuroru Merrik Qarlandın da adları var.
Qeyd edək ki, ötən həftə Tomas Metyu Kruks ABŞ-ın Pensilvaniya ştatında seçicilərlə görüşən Respublikaçılar Partiyasının builki prezident seçkilərində real namizədi Donald Trampa atəş açıb və onu qulağından yaralayıb. O, ABŞ Məxfi Xidmətinin əməkdaşları tərəfindən məhv edilib.