Azərbaycan Prezidenti İlham Əliyevin “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumundakı çıxışı zamanı səsləndirdiyi fikirlər, beynəlxalq ekspert və jurnalistlərin sualları ilə bağlı şərhləri ABŞ mediasında da işıqlandırılıb.

"Unikal"ın məlumatına görə, ölkənin nüfuzlu “Bloomberg” nəşri ölkə başçısının Rusiyanın Ukrayna ərazisindən Avropaya qaz nəqlini 2025-ci ildə dayandıracağı və Azərbaycan qazının Avropaya çatdırılması ilə bağlı fikirləri barədə yazıb. Yazıda da qeyd olunduğu kimi, Prezident İlham Əliyev bildirib ki, Ukrayna və Avropa İttifaqı bu müqavilənin uzadılmasında yardımçı olmaq üçün Azərbaycana müraciət edib. Dövlət başçısının sözlərinə görə, hər iki tərəf bunda maraqlıdır. Çünki Ukraynanın özünün bu qaza ehtiyacı var. Materialda dövlət başçısının bu mövzuda fikirlərinə geniş yer verilib.

Həmçinin Prezident İlham Əliyevin Fransanın müstəmləkə altında saxladığı ərazilərlə bağlı fikirləri də ABŞ mediasında geniş dərc olunub. “Voice of America”, “Gazette”, “US News”, “Denver Gazette” kimi nəşrlərdə dərc olunmuş yazılarda Prezident İlham Əliyevin Fransanın Azərbaycanın daxili işlərinə, Ermənistanla münasibətlərinə müdaxilə etməkdə ittiham etməsi vurğulanıb. Sözügedən saytlarda həmçinin Prezident İlham Əliyevin Fransanın hələ də müstəmləkə altında saxladığı ərazilər və Azərbaycanın keçmişin bu iyrənc qalığından özlərini azad edə bilmələri üçün onlara kömək edəcəyinə dair fikirləri yer alıb.