İmişli rayonunda baş verən yol nəqliyyat hadisəsi zamanı xəsarət alanların kimliyi məlum olub.
"Unikal" xəbər verir ki, hadisə zamanı “Mitsubishi” markalı minik avtomobili və “Ford” markalı yük maşını toqquşub, qəza nəticəsində yük maşını aşıb. Hadisə yerinə İmişli Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım heyəti, FHN-in Dövlət Yanğından Mühafizə Xidməti İmişli rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri, Dövlət Yol Polisinin əməkdaşları cəlb ediliblər. Qəza zamanı avtomobildə sıxılı vəziyyətdə qalan şəxslər çıxarılıb.
Hadisə nəticəsində xəsarət alan üç nəfər - İbrahim Xəlil Nizami, Atamoğlan Nazim oğlu Məmmədov, Nofel Fərmayil oğlu Eyvazov İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
*** 19:37
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İmişli rayonu, Qulubəyli kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
"Unikal" xəbər verir ki, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “FORD" markalı yük avtomobili ilə “VOLKSWAGEN " markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və yük avtomobilinin sərnişini deformasiyaya uğramış nəqliyyat vasitəsin sıxılı vəziyyətdə qalıb.
Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sərnişin, 1990-cı il təvəllüdlü Məmmədov Atamoğlan Lazım oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
*** 18:31
İmişli rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, hadisə saat 17 radələrində, Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun İmişli rayonu Qulubəyli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Yük və minik avtomobillərinin toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb.
Hadisə yerinə İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım heyəti və İmişli Rayon Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib.