Milli Məclisin deputatı Asif Əsgərovun seçicilərlə görüşləri, vətəndaş qəbulları, eləcə də şəhid ailələrinin ziyarət olunması istiqamətində həyata keçirdiyi tədbirlər davam edir. Vətəndaşların müraciətlərinin dinlənilməsi, onların problemlərinin həlli istiqamətində müvafiq addımların atılması, həmçinin şəhid ailələrinə göstərilən diqqət və qayğı deputatın fəaliyyətinin əsas istiqamətlərindən biridir.

"Unikal" xəbər verir ki, Bəbu çərçivədə Asif Əsgərov Zaqatala rayonunun Dardoqqaz kəndində Vətən uğrunda canından keçən şəhid Hacıyev Abakərin ailəsini ziyarət edib.

Görüş zamanı şəhidimizin keçdiyi şərəfli zabitlik yolundan, Vətənə və dövlətə sədaqətlə xidmətindən bəhs olunub, onun əziz xatirəsi ehtiramla yad edilib. Şəhid ailəsinin qayğı və müraciətləri diqqətlə dinlənilib.

Ailə tərəfindən şəhid Hacıyev Abakərin adının əbədiləşdirilməsi ilə bağlı qaldırılan müraciət deputatın səlahiyyətləri çərçivəsində aidiyyəti qurumlara yönləndirilib və nəzarətə götürülüb. Qeyd olunub ki, məsələnin həlli istiqamətində lazımi dəstəyin göstərilməsi davam etdiriləcək.

Daha sonra Asif Əsgərov Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının inzibati binasında növbəti vətəndaş qəbulunu keçirib. Qəbulda YAP Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov da iştirak edib.

Qəbul zamanı rayon sakinlərinin müraciətləri diqqətlə dinlənilib, onları narahat edən məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Sakinlər tərəfindən qaldırılan müraciətlər əsasən sosial təminat, məşğulluq, kommunal xidmətlər, torpaq məsələləri və digər gündəlik problemlərlə bağlı olub.

Hər bir müraciətə həssaslıqla yanaşılaraq qaldırılan məsələlərin bir qismi yerində öz həllini tapıb. Millət vəkilinin səlahiyyəti çərçivəsindən kənar müraciətlər isə qanunvericiliyin tələblərinə uyğun qaydada araşdırılması və aidiyyəti qurumlar qarşısında qaldırılması üçün nəzarətə götürülüb.

Qəbul zamanı edilən müraciətlər əsasında bir sıra aztəminatlı ailələrə maddi yardım göstərilib.

Görüşlər zamanı vurğulanıb ki, vətəndaşlarla birbaşa ünsiyyət onların qayğı və problemlərinin daha yaxından öyrənilməsi, operativ həlli istiqamətində mühüm əhəmiyyət daşıyır. Bu baxımdan sakinlərlə müntəzəm görüşlərin keçirilməsi və onların müraciətlərinin həlli istiqamətində fəaliyyətin davam etdirilməsi prioritet olaraq qalır.

Sonda həm şəhid ailəsinin üzvləri, həm də vətəndaş qəbulunda iştirak edən sakinlər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər. Onlar dövlət tərəfindən şəhid ailələrinə və həssas təbəqələrə göstərilən xüsusi diqqət və qayğını yüksək qiymətləndirdiklərini bildiriblər.

Şəhidlərimizin əziz xatirəsinin yaşadılması, onların ailələrinin yanında olmaq, eləcə də vətəndaşların problemlərinin həlli istiqamətində ardıcıl fəaliyyət göstərmək dövlət-vətəndaş həmrəyliyinin mühüm təzahürü kimi qiymətləndirilib.