Bakı Mühəndislik Universitetinin (BMU) builki qəbul planında bakalavriat səviyyəsi üzrə yer alan yeni ixtisaslar sırasında “Biotexnologiya” da var.  

"Unikal" xəbər verir ki, müasir dövrümüzdə ciddi ehtiyac duyulan, habelə gələcək üçün də  perspektivli sahə hesab olunan biotexnologiya biokimya, mikrobiologiya, genetika, molekulyar biologiya ilə sıx bağlıdır. 

Biotexnologiya gen mühəndisliyi, hüceyrə mühəndisliyi və texnoloji problemləri həll etmək üçün orqanizmlərdən istifadə üsullarını öyrənir. Biotexnoloqlar toxuma və hüceyrə kulturalarının, dərman maddələrinin, fermentativ preparatların, eləcə də digər bioloji aktiv maddələrin əldə edilməsində də mühüm rol oynayırlar. Cəmiyyətin sürətlə inkişaf etməsi, yeni tələblərin meydana çıxması biotexnologiyanın yeni sahələrinin yaranması ilə nəticələnib və bu elmin tərkib hissəsi olan istiqamətlər insanların həyat fəaliyyətində vacib olan problemlərin həllində xüsusi əhəmiyyət daşıyır. 

Qida məhsullarının azaldığı, həmçinin müxtəlif infeksiyaların sürətlə yayıldığı bir dövrdə bu sahənin mütəxəssislərinə olan ehtiyac daha da artıb və “Biotexnologiya” ixtisası məzunlarına əmək bazarında ciddi tələbatın olması günümüzün reallığıdır. Bu ixtisasa yiyələnənlər tibb, kosmetika, qida, ekologiya, əczaçılıq, baytarlıq, emal sənayesi və sair sahələrdə çalışa bilərlər. 

BMU-da əyani təhsil formasında tədrisi aparılacaq “Biotexnologiya” (IV qrup) ixtisası üzrə 40 yer ayrılıb. Universitetdə bu ixtisasın müasir dövrün tələblərinə uyğun tədrisi üçün güclü maddi-texniki baza və ən yeni avadanlıqlarla təchiz olunmuş laboratoriyalar mövcuddur.

Bu il BMU-da “Biotexnologiya” ilə yanaşı,  “Fizika”, “Kimya”, “Riyaziyyat”, “Nəqliyyat mühəndisliyi”, “Qida mühəndisliyi” və “Şərabçılıq” kimi mühüm yeni ixtisaslar açılıb.

Ümumilikdə isə ali təhsil ocağının bakalavriat səviyyəsində 36 ixtisas üzrə qəbul aparılır (https://beu.edu.az/az/page/bakalavr-tehsili-182/). Ayrılan 2285 plan yerindən 1540 yer Azərbaycan bölməsi (əyani), 220 yer qiyabi təhsil forması, 525 yer isə ingilis bölməsi (əyani) üçün nəzərdə tutulub.